Modern.az

Bakalavrlar bu gün magistratura imtahanı veriblər

Bakalavrlar bu gün magistratura imtahanı veriblər

Təhsil

26 İyun 2011, 10:20

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) iyunun 26-da ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsinin keçirib. Modern.az saytı xəbər verir ki,  magistratura pilləsinə qəbul imtahanları Bakı, Gəncə, Naxçıvan şəhərlərində keçirilib.

TQDK fevralın 20-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahanlar respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. İmtahanda iştirak etmək üçün 16510 bakalavr sənəd vermişdi. Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verib.
Proqram və ixtisaslaşma seçimində 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 7866 nəfəri qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyib.

Onlardan 6809 nəfəri Azərbaycan bölməsinin, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfərini oğlanlar, 4122 nəfərini isə qızlar təşkil edir. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur.
Müqayisə üçün bildirək ki, 2010-da 6608 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək.

Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5815-dir. Qəbul planının 2010-cu ildə 5242 olduğunu nəzərə alsaq, yerlərin sayının 10.9% artdığını deyə bilərik.

Modern.az



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular