Modern.az

"Dərnəgül" stansiyası açıldı, Prezident tədbirdə iştirak edib

"Dərnəgül" stansiyası açıldı, Prezident tədbirdə iştirak edib

29 İyun 2011, 17:28

Modern.az saytının məlumatına görə, iyunun 29-da Bakı Metropoliteninin Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni tikilən “Dərnəgül”stansiyasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva da iştirak edib.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlət başçısına məlumat veriblər ki, “Dərnəgül” stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır.

Metronun “Dərnəgül” də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanıb. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılıb, 2006-cı ilin noyabrında bərpa olunub.

Dövlət başçısı və xanımının stansiya ilə tanışlığı zamanı onlara məlumat verilib ki, sütunsuz tağvari sərnişin platforması Almaniyanın “Durlum” şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış var. Stansiyanı elektrik enerjisi ilə 10 kilovatlıq yarımstansiya təchiz edəcək.

“Dərnəgül” stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılıb. Bundan başqa, marşrut istiqamətlərini göstərən rəqəmsal elektron plazma tablolarından istifadə olunur.

İlk dəfə olaraq Bakı metropolitenində “SOS” həyəcan sistemi tətbiq olunub. Bütün stansiyalarda olduğu kimi, “Dərnəgül”də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunub. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.

Stansiyanın ətrafındakı 10,2 hektarlıq ərazidə yeni park salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib.

Prezident İlham Əliyev Binəqədi rayon ictimaiyyətinin nümayəndələri və Bakı Metropoliteninin əməkdaşları ilə görüşərək yeni stansiyanın açılışı münasibətilə onları təbrik edib.

Bakı Metropoliteninin perspektiv inkişaf planına əsasən, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir