Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüşüb.
Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycanla Rumıniya arasındakı dostluq əlaqələrinin tarixindən bəhs olunub. Azərbaycanın Avropaya inteqrasiya etdiyini vurğulayan Ziyafət Əsgərov bu sahədə Rumıniyanın təcrübəsinin bizim üçün önəmli olduğunu bildirib. Söhbətdə Azərbaycanın Rumıniya ilə əlaqələrin hərtərəfli inkişafına böyük maraq göstərdiyi qeyd edilib, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışılıb. Ziyafət Əsgərov Azərbaycanın iqtisadi inkişafı, uğurla həyata keçirilən neft strategiyası, bölgənin ümumi inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bu münaqişənin həllində rəsmi Buxarestin Azərbaycanın rəsmi mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə rumın xalqına minnətdarlığını bildirib.
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu 2004-2011-ci illərdə dövlətlərimiz arasında 50-ə yaxın sənədin imzalandığın qeyd edib, mədəni sahədə əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Nekulay Ontsanu ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu bildirib.
Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərinin də Rumıniyadan olan nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə Milli Məclisin deputatı Mirkazım Kazımov qrupun üzvləri adından danışıb. O, Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib, bildirib ki, Milli Məclisdə 70-dən çox işçi qrupu fəaliyyət göstərir. Bu qruplar təkcə qanunverici orqanlar arasında deyil, dövlətlər və xalqlar arasındakı münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm rol oynayırlar.
Rumıniya nümayəndə heyətinin rəhbəri Nekulay Ontsanu Azərbaycan parlamentində olmağından məmnun qaldığını bildirib. O, görüşdə ölkəsinin siyasi, elm, təhsil, mədəniyyət və digər sahələrin tanınmış insanlarının təmsil olunduğunu söyləyib.
Daha sonra millət vəkilləri Fəzail İbrahimli, Asəf Hacıyev çıxış edərək ölkəmizdə iqtisadi, elm, təhsil, humanitar sahələrdə görülən işlərdən söz açıblar, Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlət olduğunu vurğulayıblar.
Modern.az