Modern.az

Əli Abbasov: “Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür”

Əli Abbasov:  “Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür”

13 İyul 2011, 10:03

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, indi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir.
“Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalmışdır. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir”-deyə nazir Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.  
Nazir deyib ki, ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır.
“Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirmişdir. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artmış və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşmışdır. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir”.
“Digər vacib məsələ vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə “Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya” hazırlanmışdır. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur”.
“2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə davam etdirilir. Məsləhətçi şirkətlər ilə birlikdə artıq peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılmışdır. Həmçinin əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir.
Kosmik bazarlarda ölkəmizin mövqeyinin möhkəmlənməsi və davamlı olması üçün Dövlət Proqramına uyğun nazirlik və digər təşkilatlarla birlikdə ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün alçaqorbitli izləyici peyklərin yaradılması istiqamətində araşdırma işləri davam etdirilir. Proqramın maliyyə və əsas təşkilati məsələləri Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Sizin Sərəncamınızla yaradılmış Kosmik Şuranın nəzarəti altında həyata keçirilir”.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj