İyulun 19-da Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib, binanın rəmzi açılışını bildirən lenti kəsib.
Ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində Heydər Əliyevin büstü qoyulub, eyni zamanda Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunub, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. (AzərTAc).
Yeni binada istilik sistemi də quraşdırılıb, eyni zamanda ətraf ərazidə yaşıllıq zolağı salınıb, dekorativ ağaclar əkilib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirərək, tövsiyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyev eyni zamanda Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında da iştirak edib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezidentə şirkət tərəfindən inşa olunan müasir səhiyyə ocağının dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarət olması haqqında məlumat verib.
İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış olub.
Prezidentə məlumat verilib ki, burada əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı inşa olunub, mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası da fəaliyyət göstərəcək.
Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcək. Sonda mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra prezident başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Modern.az