Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Ermənistanı uşaq terrorunda ittiham edib. O, bunu iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən oyuncağa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində Şahmalıyeva Aygün Zirəddin qızının həlak olmasına
münasibət bildirərkən deyib.
U.Rəhimoğlu hələ bu il martın 8-də Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsinə də toxunub: “Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi ilə yanaşı dəfələrlə insanlığa zidd, bəşəriyyətdə çox nadir hallarda rast
gəlinən vəhşiliklə xalqımıza qarşı terror aktları həyata keçirib. İyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən oyuncağa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, onun anası Şahmalıyeva Elnarə Məmmədtağı
qızı isə ağır yaralandı. Bu onların niyyətindən, insanlığa necə qəddar münasibətindən xəbər verir. Cəbhəyanı bölgələrimizdə hər gün azərbaycanlılar qətlə yetirilir. Bir qədər əvvəl – yəni bu il martın 8-də isə Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov erməni tərəfinin snayper
silahından atəş açması nəticəsində qətlə yetirildi. Son hadisə Ermənistanın terrorçu bir dövlət olduğunu bir daha sübut etdi. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyir ki, bu qanlı olay böyük faciədir. Bəli, bu, böyük faciədir və belə faciələr ermənilər tərəfindən mütamadi törədilir!
Amma unutmaq olmaz ki, ermənilər tərəfindən bu faciələrin ardıcıl olaraq törədilməsinin məsuliyyəti həm də ATƏT-in Minsk qrupunun və ona həmsədrlik edən dövlətlərin üzərinə də düşür. Çünki onlar cinayətkarların cəzalandırılması üçün heç bir tədbir görmürlər. Biz hər zaman demişik, bir daha bəyan edirik: Ermənistanın cinayətləri cəzasız qaldıqca, beynəlxalq aləm tərəfindən susqunluqla qarşılandıqca, onlar bu əməllərini davam etdirir və bununla da birbaşa Dağlıq Qarabağ probleminin həllini uzadırlar. Xocalı soyqırımını törədənlər hələ də azadlıqdadır, beynəlxalq qurumlar, dünyanın
fövqəldövlətləri bu faciəni törədənlərin cəzalandırılması istiqamətində heç bir iş görmürlər. Təəssüflər olsun ki, nəticədə dinc və günahsız Azərbaycan vətəndaşları-qadınlar, qocalar, uşaqlar qətlə yetirilir”.
BAMF sədri məsələ ilə bağlı artıq dünyanın nüfuzlu beynəlxalq qurumlarına müraciət hazırlandığını da qeyd edib: “Biz Aygün Zirəddin qızı Şahmalıyeva da daxil olmaqla ermənilərin son zamanlar törətdikləri terror hadisələri barədə dünyanın aparıcı beynəlxalq təşkilatlarına məlumat verəcək, müvafiq beynəlxalq qurumlar qarşısında cinayətkarların cəzalandırlması məsələsinin qaldırılmasın tələb edəcəyik”.
Modern.az