Modern.az

"Məhkəmələrdən, polisdən vətəndaşların şikayətlərin sayı artıb"

"Məhkəmələrdən, polisdən vətəndaşların şikayətlərin sayı artıb"

3 Avqust 2011, 15:45

Bu gün Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri onlara edilən müraciətlərlə bağlı mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, müraciətlərin böyük əksəriyyəti məhkəmələrdən, polisdən və mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Son vaxtlar şikayətlərin sayının xeyli dərəcədə artdığını deyən N.Cəfəroğlu  bütün bunları araşdırmağa imkanlarının çatmadığını vurğulayıb:

«Ona görə qərara almışıq ki, həftədə bir dəfə mətbuat konfransı keçirib bu barədə mətbuata məlumat verək ki, aidiyyatlı qurumlar problemlərdən xəbərdar olsunlar».

N.Cəfəroğlu iki aprel aksiyasına da toxunub və həmin zaman saxlanılanların vəziyyətindən danışıb. Deyib ki, istər paytaxt, istərsə də yerli məhkəmələrdə adətən şahid qismində polislər işə cəlb olunur. Monitorinq Qrupunun apardığı araşdırmalar da bu faktları təsdiq edir. Nəticələr daxili işlər nazirinə də təqdim olunub.
N.Cəfəroğlu deyib ki, polis tuta, apara bilər, əgər vətəndaş müqavimət göstərirsə, adekvat tədbirlər də görə bilər, amma bundan sui-istifadə etmək olmaz. Polis, məhkəmələr qanun çərçivəsində hərəkət etməlidirlər. Bu qurumlar insanların hüquqularını qoruyur, əgər fəaliyyətlərində pozuntulara yol verirlərs, o zaman vəziyyət hamını narahat etməlidir.

Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı isə deyib ki, daxili işlər naziri hesabat verən zaman insan hüquqlarını pozan, vəzifəsindən sui-istifadə edən polislərin işdən azad edilməsi, rütbələrinin alınmasına dair faktlar səsləndirilir. Amma vəziyyət düzəlmir. Ona görə də digər mexanizmlərdən istifadə etmək lazımdır. Hüquq müdafiəçisi təklif edib ki, polisə işə götürülən şəxs ilk növbədə psixoloji testdən keçirilməlidir ki, onun insanlarla işləyib, işləyə bilməməsi müəyyən olunsun. Polis məktəblərində bu məqam mütləq nəzərə alınmalıdır.

S.Qocamanlı onlara minlərlə müraciətləri olmasına diqqət çəkib və deyib ki, daxili problemlərlə bağlı beynəlxalq qurumlara müraciət ölkənin nüfuzuna xələl gətirir. Amma bəzən başqa çıxış yolu qalmır.
Ucardan olan Fuad Hüseynovun məsələsinə diqqət çəkən hüquq müdafiəçisi deyib ki, bu şəxs rayondakı özbaşnalıqlar, korrupsiya hallarını açıqladığı üçün rayon Polis Şöbəsinin rəis müavinin təzyiqlərinə məruz qalıb. Onun üzünə də narkotik istifadəçisi dayanıb.

Məhkəmələr polisdən istifadə edərək insanların evlərini yıxırlar. S.Qocamanlı deyib ki, qanunvericilik qarşısında hamı eynidir. Amma sadə vətəndaş qanunu pozanda cəza kəsilir, polis pozanda isə yox.
“Qanunun gücü hər kəsin çiyinlərinə düşməlidir. İndiyə kimi insanların hüquqlarının qorunması üçün heç kimdən qrant almadıqlarını” deyən S.Qocamanlı bu işi təmənnasız həyata keçirdiklərini vurğulayıb.

«Elə məsələlər var ölkə daxilində həll etmək olar. Biz onun tərəfdarıyıq ki, problemlər daxildə həll olunsun. Ona görə də problemlərlə bağlı ilk növbədə müvafiq şəxslərə müraciət edirik. Bir çox məsələlərin həllinə nail oluruq. Amma hamısının öhdəsindən gəlmək mümkün deyil».

Bu gün Avropanın özündə də insan haqlarının pozulduğunu deyən huquq müdafiəçisi Azərbaycanın bu məsələdə təklənməsinin doğru olmadığını vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı