Avqustun 4-də Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Siravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yeni yataqxana və yeməkxana binaları istifadəyə verilib. Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak edib.
Məktəb rəisinin vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Çərkəz Həsənov nazir müavininə raport verərək bildirib ki, bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görülülüb. Tədrisin müasir Avropa standartlarına uyğun qurulması üçün yeni üsul və metodlar tətbiq olunyb, ixtisaslaşdırılmış fənn kabinetləri yaradılıb, kompüter bilgilərinin və ingilis dilinin tədrisinə başlanılıb. Hər cür texniki və məişət avadanlıqları ilə təmin olunmuş yeni dördmərtəbəli yataqxana və 250 yerlik yeməkxana binalarının tikintisinə isə bir il bundan əvvəl başlanıb. DİN Əsaslı Tikinti İdarəsi tərəfindən inşa olunan hər iki tikili dinləyicilərin peşə hazırlığına, tədrisin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Nazir müavini Oruc Zalov mərasim iştirakçılarını daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, təhsildə, seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeni tikililərlə yaxından tanış olan nazir müavini O.Zalov burada ilk dəfə xidmətə başlayan polis nəfərləri üçün yaradılmış sosial-məişət şəraitindən razılığını bildirib O.Zalov əmin olduğunu bildirib ki, məktəbin rəhbərliyi, komandir-müəllim heyəti və dinləyiciləri bu diqqətə və qayğıya yüksək peşə hazırlığı və xidməti nailiyyətləri ilə cavab verəcəklər.
Modern.az