“Qazaxıstanda yaşayan vətəndaşlarımızın Azərbacanın ümumvətəndaş pasportunu ala bilməmələri və onların müraciətinin cavabsız qalması ilə əlaqədar məlumatların heç bir əsası yoxdur. Belə ki, istər ölkə daxilində, istərsə də xaricdə yaşayan vətəndaşlarımızın Azərbaycanın Daxil İşlər Nazirliyinə və onun tabeliyindəki qurumlara ünvanladıqları müraciətlərə həmişə operativ reaksiya verilib”.
Bu fikirləri DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Qazaxıstan-Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahovun Qazaxıstanda məskunlaşan 20 minədək azərbaycanlı qaçqın və məcburi köçkünün ümumvətəndaş pasportu ala bilməməsi barədə ittihamına cavab olaraq bildirib.
E.Zahidov Modern.az-a açıqlamasında deyib ki, MDB ölkələrində, o cümlədən Qazaxıstanda yaşayan vətəndaşlarımızın ümumvətədaş pasportları ilə bağlı problemlərinin aradan qaldırmaq məqsədi ilə DİN rəhbərliyinin göstərişi əsasında Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQ və Mİ) əməkdaşları mütımadi olaraq həmin ölkələrə ezam olunurlar.
”Hazırda söhbət Qazaxıstanda yaşayan vətəndaşlarımızdan gedirsə, deyə bilərəm ki, yalnız 2010-cu il ərzində bu ölkədə yaşayan 920 nəfər vətəndaşımız Azərbaycanın ümumvətəndaş pasportu ilə təmin olunublar”-deyə E.Zahidov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun müraciəti əsasında DİN-in BPQ və Mİ-nin əməkdaşı 2011-ci il iyunun 15-dən iyulun 15-dək (1 ay) Aktau şəhərində ezamiyyətdə olub və Qazaxıstanın Qərb bölgəsində - Aktau, Atırau, Aktyubinsk və Uralsk şəhərlərində yaşayan və ümumvətəndaş pasportların dəyişdirilməsi ilə əlaqədar Baş Konsulluğa müraciət etmiş 113 nəfər vətəndaşımız müvafiq sənədlərlə təmin ediliblər.
“2011-ci iyul ayında Azərbaycanın Qazaxıstandakı səfirliyi həmin ölkənin müxtəlif regionlarında yaşayan vətəndaşlarımızın 200-ə qədər müraciətlərini nəzərə alaraq orada ezamiyyətdə olan BPQ və Mİ əməkdaşının ezamiyyə müddətinin artırılaraq paytaxta - Astana şəhərinə göndərilməsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Bu müraciətə də dərhal operativ reaksiya verilmiş və 20 iyul 2011-ci il tarixdən etibarən BPQ və Mİ-nin əməkdaşları Qazaxıstanın paytaxtı Astana şəhərinə ezam olunmuşlar. Onlar getdikləri gündən bu günədək, yəni avqustun 6-dək Qazaxıstanın müxtəlif bölgələrində yaşayan 161 nəfər vətəndaşımızdan ümumvətəndaş pasportu almaq və ya dəyişdirmək məqsədi ilə zəruri sənədləri qəbul etmişlər”.
Nazirlik rəsmisi deyib ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın Azərbaycan Respublikasının müvafiq sənədləri, o cümələdən ümumvətəndaş pasportları ilə vaxtında təmin edilməsi, eləcə də hər hansı problemlə əlaqədar onların müraciətlərinə operativ baxılması DİN rəhbərliyinin daimi nəzarətində olan vacib məsələlərdəndir.
Xatırladaq ki, Qazaxıstan – Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov dünən saytımıza deyib ki, 1993-cü ildən sonra Azərbaycandan Qazaxıstana pənah aparan, orada məskunlaşan 20 minədək azərbaycanlı qaçqın və məcburi köçkün ciddi problemdən əziyyət çəkir. “Onlar ümumvətəndaş pasportuna malik deyillər və hələ də keçmiş SSRİ-nin qırmızı pasportundan istifadə etməyə məcbur olurlar”.
V.Salahovun sözlərinə görə, hazırda xarici pasporta və şəxsiyyət vəsiqəsinə malik olmayan azərbaycanlılar dəfələrlə Azərbaycanın Qazaxıstandakı Səfirliyinə müraciət ediblər, amma problemləri həll olunmayıb.
Modern.az