Salyan rayonunda Plastik qəsəbə deyilən ərazidə 42 ailəyə yeni ev tikilərək istifadəyə verilib. Evlər püşkatma yolu ilə paylanıb. Daşqından zərər çəkən sakinlərin problemlərini gündəmdə saxlayan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bəyan edib ki, evlərin paylanmasında rayon İcra Hakimiyyəti iştirak edib və vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirakına imkan verilməyib.
“Sonradan məlum olub ki, qeyri-şəffaf həyata keçirilən “ev paylama” prosesində yeni mənzil sahiblərindən “şirinlik” adı ilə rüşvət istənilib və bu dəfə də evləri həqiqətən qəzalı olan xeyli sayda insan bu prosesdən kənarda qalıb”-deyə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib.
Qərargahın məlumatına görə, məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, Salyanda inşa olunan yeni evlərin hansı qurum tərəfindən tikildiyi bəlli deyil. Belə ki, ev paylama prosesini həyata keçirən Salyan RİH bu evlərin Fövqaladə Hallar Nazirliyi tərəfindən inşa olunduğunu bildirib. Məsələyə dərhal reaksiya verən FHN rəsmiləri isə yeni tikilən evlərin sözügedən nazirliyə heç bir aidiyyatı olmadığını bildirərək evlərin Kür daşqınları ilə bağlı deyil, qrunt sularından əziyyət çəkən sakinlər üçün Salyan RİH tərəfindən tikildiyini açıqlayıb.
“Maraqlıdır ki, bu məlumatlar ictimailəşdikdən sonra vətəndaş cəmiyyəti institutlarını evlərin püşk atılması və paylanması prosesinə qatılmasına imkan verməyən Salyan RİH-in rəhbərliyi yerli QHT nümayəndələri ilə görüşərək onlara əməkdaşlıq təklif edib, Salyanda 42 ailəyə paylanan yeni evlərin FHN tərəfindən tikildiyini qeyd edərək onlara sübüt kimi nazirlikdən faksla göndərildiyi bildirilən siyahı təqdim edib. Maraqlıdır ki, sözügedən siyahının FHN tərəfindən göndərildiyinə dair heç bir sübut - imza, möhür və s. yoxdur”.
Məsələnin ciddiliyini nəzərə alan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bununla bağlı Salyan RİH- nin başçısı Tahir Kərimova və Fövqaladə Hallar Nazirliyinə rəmsi informasiya sorğusu göndərib. Sorğuda Salyanda Plastik qəsəbədə avqust ayının əvvəllərində istifadəyə verilən 42 evin hansı qurum tərəfindən tikildiyi, bir evin tikilməsinə hansı həcmdə vəsait xərcləndiyi, evlərin paylanmasında püşk atmanın hansı prinsip və meyarlarla həyata keçirildiyi, kimlərə evlərin verildiyi və ev verilən vətəndaşların hansı formada seçildiyi və müəyyənləşdiyi barədə “İnformasiya azadlığı haqqında” Azərbaycan respublikasının qanununa uyğun şəkildə məlumat istənilir.
Modern.az