Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yaxın iki gün ərzində ölkədə sərin hava şəraiti davam edəcək.
Avqustun 9-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Şimal-qərb küləyi 9-14 metr/saniyə, gecə və səhər arabir 16-18 metr/saniyə olacaq.
Havanın temperaturu gecə 18-22, gündüz 25-28 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Avqustun 10-da isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimalı var. Şimal küləyi əsəcək. 8-13, arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu gecə 18-22, gündüz 25-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərərə isti olacaq.
Avqustun 10-da bölgələrdə arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, 11-də səhər yağışın tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və avqust ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.