Modern.az

Deputat: “Türkiyə ilə münasibətlərdə problem olduğunu deyənlərin əsil-nəcabətində...”

Deputat: “Türkiyə ilə münasibətlərdə problem olduğunu deyənlərin əsil-nəcabətində...”

8 Avqust 2011, 17:01

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Xatırladım ki, Türkiyədə parlament seçkilərindən sonra ölkəmizdə AKP-nin qələbəsinin əleyhinə olan bir sıra qüvvələr vardı. Bu narazılıq isə həmin qüvvələrin şəxsi maraqlarından doğurdu. Amma AKP-nin qələbəsi Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir”.

Modern.az bildirir ki, bu sözləri hakim partiyanın saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə guya problemlərin olduğu barədə deyilənlər tamamilə yalandır.

“Doğrudur, bəzi mətbuat orqanlarında guya Azərbaycanla Türkiyə arasında problemlərin olduğu, cənab Ərdoğanın bununla əlaqədar ölkəmizə səfər etdiyi barədə yazılar dərc olunub. Bütün bunlar əsassızdır və düşmən dəyirmanına su tökməyə xidmət edir. Azərbaycan və Türkiyə qardaş ölkələrdir və aramızda heç bir problem yoxdur. Türkiyə Azərbaycanın ən yaxın və strateji müttəfiqidir. Ona görə də, münasibətlərimizə kimliyindən asılı olmayaraq qara yaxmağa çalışan insanın mütləq əsil-nəcabətində qarışıqlıq var”-deyə S.Novruzov qeyd edib.

Deputat bildirib ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşması üçün mütləq Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.
“Türkiyə, istərsə də Azərbaycan tərəfindən verilən bəyanatlarda göstərilir ki, işğal olunmuş ərazilər azad olunmaya qədər Ermənistanla hər hansı bir əlaqənin qurulmasından söhbət gedə bilməz. Dünyada, o cümlədən regionda və ərəb dünyasında baş verən hadisələr isə göstərdi ki, Ermənistanın vəziyyəti həddən artıq acınacaqlı vəziyyətə gəlib düşəcək. Bu baxımdan, Ermənistanın yeganə xilası Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasıdır”-deyə S.Novruzov vurğulayıb. 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı