ASDP həmsədri Şeyx Əbdül Mahmudbəyovu sərt sözlərə “qonaq” etdi
“Ayaz Mütəllibovun heç bir köməkçisi yoxdur. Bu mifik köməkçiyə istinadən yayılan məlumat barədə nə deyim? Ayaz müəllimin beş il əvvəl Nizami adında köməkçisi olub. İndi yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında ASDP həmsədri Araz Əlizadə eks-prezidentin qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Belə bir köməkçi yoxdur. Bunu hardan uydurublar. Ayaz müəllimin qayıdışı ilə bağlı məlumatlar yalnız mən açıqlayacağam”-deyən A.Əlizadə bildirib ki, bununla bağlı yayılan məlumatlar ajiotaj yaradıb. O deyib ki, bu axşam saat 21-22.00-da eks-prezidentin son qərarı ilə bağlı açıqlama veriləcək.
“Mən bu barədə saat 21.00-da məlumat verəcəyəm”-deyə A.Əlizadə vurğulayıb.
Eks-prezidentin hüquqlarnın müdafiə komitəsinin keçmiş rəhbəri şeyx Əbdül Mahmudbəyovun hava limanına Mütəllibovu qarşılamağ getməyə hazırlaşdığı barədə açıqlaması ASDP sədrini hədsiz qəzəbləndirib:
“Şeyx Əbdül axı kimdir ki, Mütəllibovu qarşılamağa gedir? O beş il əvvəl üzü üstə düşüb səhv edərək Mütəllibovu dəstəklədiyini demişdi. İndi o hava limanına hansı üzlə gedir?”-deyə A.Əlizadə qəzəbli şəkildə vurğulayıb.
Modern.az