Eks-prezident: "Bakıda, evimdəyəm"
ASDP həmsədri Araz Əlizadə: "Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk"
Modern.az saytının məlumatına görə, eks-prezident Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həyat yoldaşı ilə artıq Bakıya gəlib. Onun bir qədər öncə Moskva -Bakı reysi ilə gəldiyi bildirilir.
Eks-prezidenti gətirən təyyarə bu gün saat 19.45 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Hava limanında jurnalistlərə heç bir açıqlama verməyən sabiq prezident aeroportdan evinə gedib.
Modern.az-ın əməkdaşı eks-prezidentlə əlaqə saxlaya bilib, A.Mütəlibov qısaca olaraq "bəli, artıq Bakıda, evimdəyəm" deyib.
ASDP həmsədri Araz Əlizadə isə Modern.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibov sağ-salamat gəlib vətənə çatıb.
"Biz eks-prezidentin Azərbaycana dönüşünə göstərdiyi köməyə görə, Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk"-deyə o, vurğulayıb.
A.Əlizadə eks-prezidentin yas mərasimindən sonra Azərbaycanda qalıb-qalmayacağı barədə hələlik heç nə deyə bilməyəcəyini söyləyib.
Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. ASDP-nin həmsədri Araz Əlizadənin sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində olacaq.
Modern.az