Hacıqabul rayonundakı “Azpetrol”un yanacaqdoldurma məntəqəsi az öncə partlayıb. Bu barədə hadisənin canlı şahidi jurnalist Vüqar Zifəroğlu Modern.az-a məlumat verib. Onun sözlərinə görə, Haçıqabulun Padarçöl istiqamətindəki yolda olan yanacaqdoldurma məntəqəsində partlayış qəflətən baş verib.
“Bizim maşın bir qədər arxada gəlirdi. Amma Gəncəyə gedən sərnişin avtobusunu yanğın tutub. Məntəqənin işçiləri həlak olublar. Avtobus sərnişinləri içində çoxlu sayda yanğın xəsarəti alan yaralılar var”-deyə hadisənin canlı şahidi V.Zifəroğlu bildirib.
Onun sözlərinə görə, bu dəqiqələrdə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.
***
Hacıqabul rayon Polis şöbəsindən verilən ilkin məlumata görə, partlayış nəticəsində 8 nəfər yarlanıb, 2 nəfər isə dünyasını dəyişib. Hadisə zamanı 8 maşın yanıb. Partlayışa maye qaz daşıyan avtomobilin “Azpetrol”un yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğraması səbəb olub.
***
Fövqəladə Hallar Nazirliyi “Azpetrol” yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlik bildirib ki, FHN-ə Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 21 nəfər yaralanıb, 7 avtomobil yanıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
Modern.az