Vüqar Bayramov: “Yalnız bir gündə dünya iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan dəyib”
Həftənin bazar ertəsi dünya iqtisadi tarixinə “qara bazar” ertəsi kimi daxil oldu. ABŞ-ın kredit reytinqinin aşağı salınmasından sonra keçirilən ilk hərraclarda bu ölkənin aparıcı fond indeksləri 5,4 - 6,9%-a qədər azalıb."Dow Jones" 5,42%-ə qədər azalaraq 2010-cu ilin oktyabr ayının səviyyəsinə düşüb. Hansıki "Dow Jones" maliyyə böhranının tüğyan etdiyi 2008-ci ilin dekabr ayından bu yana bu səviyyədədək azalmamışdı. Geniş bazar indeksi "S&P 500" 6,66 %, yüksək texnologiyalı şirkətlər indeksi "NASDAQ" 6,9% düşüb.Səhmlərin bu cür çaxnaşma ilə satışı fonunda neftin qiyməti son 8 ay ərzində kəskin şəkildə ucuzlaşıb. Nyu-Yorkda neftin barreli həftə ərzində 7% azalaraq 81 dollara qədər azalıb.
Avropa daxil olmaqla bütün qitələrdə səhmlərin, indekslərin qiymətləri düşüb
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Amerikanın kredit reytinqinin aşağı salınması Birləşmiş Ştatlar daxil olmaqla dünyanın aparıcı birjalarında indekslərin, eləcə də səhmlərin qiymətinin kəskin düşməsinə gətirib çıxarıb: “İlkin hesablamalara görə, indekslərin qiymətinin düşməsi yalnız bir gündə dünya iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan vurub. Bir sıra şirkətlərin isə bazar ertəsi itirdikləri vəsaitlərinin həcmi 5 milyard dollara qədər yüksəlib”.
İqtisadçının sözlərinə görə, yaranmış vəziyyət yalnız idekslərin, səhmlərin qiymətinin aşağı düşməsinə deyil, dünya iqtisadiyyatında yeni böhranın yarana biləcəyi ilə bağlı narahatçılığın formalaşmasına səbəb olub: “Birjalarda indekslərin aşağı düşməsinin, eləcə də uzun müddət defolt təhlükəsi ilə üz-üzə qalmasının səbəbi Amerikanın xarici borcunun yüksəlməsidir. Belə ki, ABŞ-ın xarici borclarının məbləği 14 trilyon 300 milyard dollardır. Adambaşına düşən xarici borc 45 min 97 dollar, xarici borcların ümumi daxili məhsuldakı payı 97 fazidir. Bu da Birləşmiş Ştatların tarixində ən kritik hədd hesab edilir”.
Dünyanın ən böyük brijası olan Nyu-York Fond birjasının Amerikada yerləşdiyini xatırladan ekspert deyir ki, kredit reytinqinin aşağı düşməsi Nyu-York Fond birjasında indekslərin ucuzlaşmasına, Avropa daxil olmaqla bütün qitələrdə səhmlərin, indekslərin qiymətinin azalmasına gətirib çıxarıb: “Avropa Birliyi, xüsusilə Yunanıstandan sonra İtaliya və İrlandiya iqtisadiyyatlarında problemlərin yaşanması, bu ölkələrin səhmlərinin dəyərinin aşağı düşməsi böhran təhlükəsinin artmasına. o cümlədən reallaşmasına səbəb olub. Bütövlükdə böhranın ikinci mərhələsi başlayarsa bu, dünya , həmçinin Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. Çünki Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli hissəsi ABŞ-ın dövlət istiqrazlarının alınmasına yönəldilib. Dövlət istiqrazları az riskli hesab edilsə də, "Standard and Poor's" reytinq agentliyinin son qiymətləndirmələri Amerikanın dövlət istiqrazlarının da gəlirlik səviyyəsinin aşağı düşdüyünü gösətirir. Hansıki bu, Neft Fondunu aktivlərinin idarə edilməsindən əldə etdiyi vəsaitlərinin azalmasına gətirib çıxara bilər”.
Məlumat üçün bildirək ki, fondun aktivlərinin 47 faizi Avropa Birliyində saxlanılır. Avropa Birliyində müşahidə edilən böhran da birmənalı şəkildə DNF-ın aktivlərinin idarə olunmasından əldə edilən vəsaitin həcminin azalmasına təsir göstərəcək.
Böhran daha çox Rusiyanı vuracaq
V.Bayramov bazar ertəsi Rusiya birjalarında səhmlərin və indeksələrin aşağı düşməsinin müşahidə edildiyini vurğulayır: “Proseslər belə deməyə əsas verir ki, böhranın ikinci mərhələsində böhranın vuracağı ölkə daha çox Rusiya olacaq. Nəticədə bu ölkədən Azərbaycana daxil olan vəsaitlər azalacaq. Hətta böhranın ikinci mərhələsinin azərbaycanlıların Rusiyadakı biznesi üçün ciddi təhlükələr yaradacağı güman edilir. Yeri gəlmişkən, Rusiya mətbuatının hesablamalarına əsasən il ərzində Azərbaycana 5 milyard dollara yaxin vəsait göndərilir.Həmin vəsaitlər regionlarda yaşayan əhali üçün sosial baxımdan böyük dəstəkdi. Bunları nəzərə alsaq Rusiyadakı böhranın Azərbaycandakı sosial vəziyyətə təsiri qaçılmazdır”.
Böhran dünya, eləcə də Azərbaycan iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir
Mütəxəssis digər narahatçılıq kimi Azərbaycanın rezervlərinin 70 faizinin dollarla saxlanmasını göstərir: “ABŞ-ın kredit reytinqinin aşağı düşməsi dolların məzənnəsinin azalmasına gəritib çıxara bilər. Bütövlükdə dolların məzənnəsi ilə bağlı proqnozlar göstərir ki, böhranın ilk aylarında dolların məzənnəsinədə azalmalar baş verəcək. Sonrakı mərhələdə isə dolların başqa valyutalara, eləcə də manata təzyiqinin artması müşahidə ediləcək. Bu da böhran başladıqdan sonra Mərkəzi Bankın mütəmadi olaraq dövriyyəyə dollar buraxmasına, eləcə də manatın məzənnəsinin qorunması yönündə xərclərini kəskin artırmasına gəritib çıxaracaq. Bütün hallarda dünya ciddi böhranla üz-üzədir. Bu böhran maliyyə ilə yanaşı real sektorda ciddi böhran yaradacaq. Nəticədə dünyada və Azərbaycanda istehlak mallarının qiyməti artacaq”.
Modern.az