Qüdrət Həsənquliyev təşkilatı növbədənkənar zirvə toplantısı keçirməyə çağırır
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib. Modern.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Baş katib!
Bütün müsəlmanlar üçün böyük mənəvi önəm daşıyan, Tanrı sevgisinin və imanın nəfsə, xeyirxahlığın bədxahlığa qalib gəldiyi bu müqəddəs Ramazan günlərində Sizi salamlayır, İslamın yüksək dəyərlərinə tapınan hər kəsə sülh, əminamanlıq və rifah arzulayıram.
Cənab Baş katib!
Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan artıq insan 20 ildən artıqdır ki, öz ölkəsində qaçqın həyatı yaşayır. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin vasitəçiliyilə aparılan sülh danışıqları isə heç bir nəticə vermir. Dünyanın aparıcı dövlətlərinin rəhbərlik etdiyi tənzimləmə prosesinin beynəlxalq hüququn əsas prinsplərinə, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsilə bağlı BMT qətnamələrinə istinad olunmadan aparılması, təcavüzkar ölkəyə qarşı sülhə məcburetmə mexanizmlərinin tətbiq olunmaması real və ədalətli nəticənin əldə olunmasına imkan yaratmır. Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri – Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir, digər iki dövlət – siyasi rəhbərliyi erməni diasporunun təzyiqi altında olan ABŞ və Fransa da “Gedin razılaşın, sizin razılaşdığınız həll variantını biz də dəstəkləyəcəyik” deməklə təcavüzkara açıq dəstək verirlər.
Biz yaranmış vəziyyətdən çıxış yollarından biri kimi region dövlətlərinin, xüsusilə də müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrin Ermənistana qarşı təzyiqlər və sanksiyalar tətbiq etmələrində görürük. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı qətnamələrinə baxmayaraq, təssüf ki, təşkilatın bəzi üzvləri nəinki təcavuzkara qarşı təzyiq xarakterli addımlar atmır, hətta işğalçı dövlətlə ticari-iqtisadi və siyası əlaqələrini gündən-günə genişləndirirlər.
Hörmətli Baş katib!
Şübhəsiz ki, təcavüzkar Ermənistanı ayaq üstə saxlayan və mövcud status-kvonun qorunub-saxlanılmasına hərtərəfli dəstək verən ölkələrdən biri də İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ilə iştirak edən Rusiyadır. Amma İƏT-in tam hüquqlu üzvləri olan müsəlman İranın və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biridir.
Bu baxımdan hesab edirik ki, bu müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısı çağırılmalı, bu toplantıda İran və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması barədə məsələ müzakirəyə çıxarılmalıdır.
Hörmətli Ekmeleddin İhsanoğlu!
İslam haqqın və ədalətin yanında olanların, zülmə və təcavüzə məruz qalanları himayə edənlərin, istibdada qarşı yorulmadan mücadilə aparanların, paylaşmağı bacaranların dinidir. Azərbaycan xalqının haqq işinə dəstək vermək, zülmə, təcavüzə qarşı öz müsəlman qardaşlarıyla bigə dayanmaq isə hər bir müsəlmanın borcudur. Biz öz borcunu unutmayan bütün müsəlmanları, Tanrıya iman gətirən hər kəsi Azərbaycan xalqının haqq işinə dəstək verməyə cağırırıq”.