Gəncə şəhər Baş Polis İdarəsi dələduzluqla 2 min manatadək vəsaiti mənimsəyən şəxsi saxlayıb.
Gəncə şəhər Baş Polsi İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Yadigar Quliyev Modern.az-a bildirib ki, onlara Göygöl rayon sakini Seymur Abbasova qarşı dələduzluq edilərək 2 min manat vəsaitin mənimsənilməsi ilə bağlı müraciət daxil olub.
Müraciət üzrə araşdırmalar zamanı məlum olur ki, 1980-ci ildə Bakıda anadan olan Namazov Teymur Camal oğlu 2010-cu ildə avqust 29-da Gəncədə yerləşən mal bazarına gələrək burda öz mal-qarasını bazara satmağa gətirən Abbasov Seymur Nadir oğlu ilə tanış olur. Seymurun gətirdiyi heyvanların satılmasında kömək edən Teymur onun etibarını qazanır. Sonra Teymur zərərçəkəni inandırır ki, yerdə qalan inəklə balasını Bakıya apararsa, daha baha qiymətə sata bilər. Teymurun təklifi ilə onlar əllərində olan pulla 900 manata bir baş mal da alırlar. Sonra isə heyvanları Bakıya aparmaq üçün Kamaz markalı avtomobil tutmaq qərarına gəlirlər.
Yadigar Quliyev Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi: “Kamazı tutduqdan sonra Bakıya taksi ilə yola düşməzdən əvvəl Seymur əynini dəyişmək üçün evə gedir. Bu vaxt fürsətdən istifadə edən Teymur yanı balalı inəyi 600 manata satır. Bakıda isə Seymuru bir mehmanxanaya yerləşdirdikdən sonra gəlib bir ədəd malı min manata satır. Telefonunu keçirərək qaçıb gizlənir”.
Teymur Namazovun şəxsiyyət vəsiqəsinin olmaması hər hansı bir yerdə qeydiyyatda olmaması, əməliyyatçılar üçün əlavə problemlər yaradıb. Bir illik uzun axtarışlardan sonra Teymur Namazov həbs edilib. İlkin istintaq zamanı təqsirləndirilən şəxs əməllərini etiraf edib.
Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 dələduzluq yolu ilə başqasının əmlakını mənimsəmə maddəsi ilə cinayət işi qaldırılıb, istinaq aparılır. Törətdiyi əməllərə görə Teymur Nazmazovu 3-7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Yadigar Quliyev bildirib ki, ehtimala görə Teymur Namazovun anoloji dələduzluq əməllərini digər insanlara qarşı da törədib. Polis xahiş edir ki, Teymur Namazovun əməllərindən zərər çəkənlər Gəncə şəhər baş polis idarəsinə müraciət etsinlər.
Xaliq Qurbanov
Gəncə