«Türkiyə-Ermənistan ticari-iqtisadi əlaqələrinin hansı səviyyədə və müstəvidə, hansı dövlətin ərazisi vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, buna son qoyulmasını istəyirik»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin 8 avqust 2011-ci il tarixli iclasının qərarına əsasən, partiya növbəti müraciətini qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşlarına ünvanlanıb. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:
«Dəyərli bacı və qardaşlarımız!
Bütün müsəlmanlar üçün yüksək mənəvi önəm daşıyan, Tanrıya məhəbbətin və sədaqətin rəmzi olan, imanın nəfsə, xeyirxahlığın bədxahlığa qalib gəldiyi bu müqəddəs Ramazan günlərində hər birinizi salamlayır, İslamın uca dəyərlərinə tapınan hər kəsə sülh, əminamanlıq və rifah arzulayırıq.
Əziz soydaşlarımız!
Tarixin amansız və ədalətsiz rəftarı, türk millətinin varlığına qənim kəsilən imperiyaların iddiaları ucbatından coğrafi baxımdan bir-birimizdən ayrı düşsək də ürəklərimiz hər zaman birgə döyünüb. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zaman biz Türkiyə Cümhuriyyətinin varlığıyla təsəlli tapmışıq. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da ölkəmizi tanıyan ilk dövlət məhz qardaş Türkiyə olub. Dövlət müstəqilliymizin bərpasından keçən 20 il ərzində hər zaman Türk xalqının və dövlətinin dəstəyini hiss etmişik, ən çətin anlarımızda Sizləri öz yanımızda görmüşük.
Dəyərli bacı və qardaşlarımız!
Bildiyiniz kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımıza böyük məhrumiyyətlər bahasına başa gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin – ilk respublikamızın qurulduğu dönəmdə, ötən əsrin əvvəllərində tarixi torpaqlarımızı qəsb edərək, orada Ermənistan dövləti yaradan və bununla da eyni milləti coğrafi baxımdan bir-birindən ayrı salan böyük güclər öz əvvəlki siyasətlərindən əl çəkməyiblər. Müstəqilliyimizin bərpasından sonra tarix yenidən təkrarlanıb və türk millətinə qənim kəsilən, tarixən bizə düşmənçilik edən ermənilər yenə də ənənəvi himayəçilərinin dəstəyilə Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, bir milyondan artıq soydaşımızı öz doğma yurdlarından didərgin salıblar. Biz bu ədalətsiz və qeyri-bərabər müharibədə 30 min şəhid vermişik!
Ermənistanla atəşkəs sazişinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsilə bağlı qətnamələrinin heç biri yerinə yetirilməyib. BMT-nin mandatına əsasən münaqişənin tənzimlənməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər – Rusiya, ABŞ və Fransa danışıqlar prosesini məqsədyönlü şəkildə uzatmaqla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına hüquqi don geyindirməyə çalışırlar. Belə bir şəraitdə ümidimiz ilk növbətə qardaş Türkiyəyə, Sizlərə və təbii ki, bizimlə eyni mədəni və dini dəyərləri paylaşan müsəlman dövlətlərinədir. Çünki məhz müsəlman dövlətlərinin, əsasən də qardaş Türkiyənin və İranın Ermənistanla bütün ticari-iqtisadi əlaqələrə son qoyması işğalçı ölkənin mövqeyinin dəyişməsində önəmli rol oynaya bilər. Bu gün kimsəyə sirr deyil ki, Ermənistanın ayaq üstə dayanmasının və işğala davam etməsinin əsas səbəblərindən biri də məhz bu ticari-iqtisadi əlaqələrin mövcudluğudur. Biz qardaş Türkiyənin və soydaşlarımızın ünvanına ittihamlar səsləndirməkdən çox uzağıq, ancaq hazırda Ermənistanda satılan sənaye və yeyinti məhsullarının məhz Türkiyə istehsalı olduğu da faktdır. Bu məhsullar Türkiyədən onminlərlə TIR-lar vasitəsilə Gürcüstan üzərindən birbaşa Ermənistana daşınır. Bununla yanaşı, onminlərlə Ermənistan vətəndaşı hava və quru nəqliyyatından istifadə etməklə, sərbəst şəkildə Türkiyə ərazisinə gəlir, burada qanunsuz əmək fəaliyyətilə məşğul olur və əldə etdikləri vəsaitləri öz ölkələrinə göndərirlər. Onların qanunsuz əmək fəaliyyətilə məşğul olmasına isə bizə bəlli olmayan səbəblərdən göz yumulur. Bildiyiniz kimi, Türkiyə Ermənistanla sərhədlərini məhz Qarabağın işğalına görə bağlayıb. Lakin Türkiyə ilə Ermənistan arasında mövcud olan bu əlaqələr sərhədlərin bağlı qalmasının doğurduğu nəticələrin təsirini gündən-günə azaltmaqdadır. Şübhəsiz ki, bu mənzərə bizi narahat etməyə bilməz.
Biz Türkiyə ilə Ermənistan arasındakı ticari-iqtisadi əlaqələrin Azərbaycanla Türkiyə arasındakı həllini tapmamış hansısa problemlərlə əlaqələndirilməsi barədə səslənən fikirləri də qüsurlu və yersiz sayırıq. Çünki heç bir həllini tapmamış məsələ təcavüzkarla əməkdaşlığa haqq qazandıra bilməz.
Bir məqamı da diqqətinizə çatdırmağı özümüzə borc bilirik – Ermənistan yalnız Azərbaycan ərazilərini işğal etməyib. Bu təcavüzkar ölkə Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edir və qardaş türk xalqını insanlıq əleyhinə ən əğır cinayətdə – «soyqırım» törətməkdə günahlandırır.
Türkiyə-Ermənistan ticari-iqtisadi əlaqələrinin hansı səviyyədə və müstəvidə, hansı dövlətin ərazisi vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, buna son qoyulmasını istəyirik. Bunu istəmək və hətta tələb etmək bir qardaş kimi bizim haqqımızdır. Çünki biz eyni millətin nümayəndələriyik və Türkiyə dövlətini də öz dövlətimiz hesab edirik!
Həm Azərbaycan, həm də Türkiyə türklərinə məxsus olan ortaq bir atalar sözündə deyildiyi kimi - uman yerdən, gözlənti olan yerdən, sevgi və sayğı duyulan yerdən küsərlər. Bu baxımdan, Sizlərdən yeganə umacağımız Ermənistanla bütün səviyyələrdə olan ticari-iqtisadi əlaqələrə son qoyulması üçün əlinizdən gələni əsirgəməməyinizdir.
Sizi işğalçı Ermənistanla olan bütün əlaqələrə son qoyulması üçün öz səsinizi ucaltmağa çağırırıq!
Bunu bacaracağınıza, mili qüruru və ədaləti hər şeydən üstün tutacağınıza, xarici təzyiqlər qarşısında boyun əyməyəcəyinizə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığımız mücadilədə bizimlə bir sırada addımlayacağınıza əminik!
Allah oruc və dualarınızı qəbul eləsin!
Tanrı uca millətimizi qorusun!»