Modern.az

MTN Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparan şəxsləri həbs edib (Rəsmi açıqlama)

MTN Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparan şəxsləri həbs edib (Rəsmi açıqlama)

Təhsil

12 Avqust 2011, 19:24

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıblar.

Modern.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluun yaydığı birgə məlumatda qeyd olunub.
Məlumata görə, Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan "Cəfəri" adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrıseçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil ediblər.
"Cəfəri" adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə "www.İslam-Azeri.az" internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluun yaydığı birgə məlumatda qeyd olunub ki, Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiəmeyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, İran İslam Respublikasının Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən "Haqq yolu" Elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, "Cəfəri" adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıblar.

"Cəfəri" adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər.

Bundan başqa, Abgül Süleymanov Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra Qərb ölkələrinin səfirliklərinin qarşısında radikal dindarlar tərəfindən icazəsiz keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı olub.

Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd "Makarov" tipli tapanca, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd "PM" patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd "Baykal" tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd "F-1" tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılmış, Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok