PKK terror təşkilatının liderlərindən olan Murad Qarailanın İranda həbs olunmasına dair məlumatlar yayılıb.
Anadolu Agentliyinin xəbərinə görə, İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucərdi “Fars” informasiya agentliyinə açıqlamasında Murad Qarailanın ələ keçdiyini bildirib:
“Bu xəbərlər doğrudur. İran təlükəsizlik qüvvələri PKK-nın 2-ci şəxsini yaxalayaraq, çox vacib bir işi bacarıblar“.
Ancaq Anadolu Agentliyi daha sonra bu xəbərə bir qədər düzəliş verib. Xəbərdə bildirilib ki, Burucərdi "PKK-nın 2 nömrəli ismi əlimizdə" deyib.
Modern.az Anadolu Agentliyinə istinadən bildirir ki, bu xəbərin ardından Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun İran xarici işlər naziri Əli Əkbər Salehi ilə danışdığı və Salehinin PKK lideri Murad Qarailanın İran tərəfindən tutulduğuna dair əllərində bir bilgi olmadığını söylədiyi öyrənilib.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, avqustun 14-də Türkiyənin Tehrandakı səfiri də İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucərdi danışıb. Burucərdinin bu danışıqda səfirə Qarailanın tutulduğunu söyləmədiyi öyrənilib.
Məlumata görə, Burucərdi türk səfirə "mən belə bir açıqlama vermədim” deyib.
Maraqlıdır ki, İranın rəsmi “Fars” xəbər agentliyi Ələddin Burucərdiyə istinadəın terror təşkilatı PKK-nın 2 nömrəli adamının tutulduğu xəbərini təsdiq edib.
“Fars” agentliyinin xəbərində bu ifadələr var: "Burucərdi parlamentdə jurnalistlərin PKK-nın 2 nömrəli adamının tutulduğu xəbərlərinə dair suala verdiyi cavabda "bu xəbər doğrudur, İran kəşfiyyatçıları terror təşkilatının 2 nömrəli adamını tutmuşdur" ifadəsini işlədib”.
İranın bir başqa rəsmi xəbər agentliyi “Mehr” də "PKK-nın ikinci adamının tutduğu xəbəri təsdiqləndi" başlıqlı məlumat yayıb.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə hökumətindəki qaynaqlar PKK lideri Murad Qarailanın tutulduğunu hələ təsdiq etməyib, Türkiyə hökumətinə bununla bağlı rəsmi hər hansı bir məlumat çatmadığı vurğulanıb.
Belədə PKK lideri Abdulla Öcalanın həbsindən sonra terror təşkilatına faktiki rəhbərlik edən Murad Qarailanın tutulub-tutulmadığı müəmma olaraq qalır. M.Qarailan PKK terror təşkilatına 1979-cu ildə qoşulub. Bir çox qətllər və terror hadisələrini törətməkdə ittiham olunan Murad qarailan İnterpol xətti ilə axtarışdadır.
Yəqin ki, bir-birini təkzib edən bu xəbərlərə tezliklə aydınlıq gətiriləcək.
Adəm Qorxmaz