Vüqar Bayramov: “Yaxın günlərdə qızılın qiymətində kəskin artımlar müşahidə edilməyəcək”
Dünya bazarında qızılın qiyməti kəskin surətdə bahalaşıb. Qızılın bahalaşmasına səbəb Amerika iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlikdir. Ekspertlərin fikrincə, Amerikanın müflisləşmə ehtimalından ehtiyatlanan investorlar pullarını qızıla və digər aktivlərə qoyur.
Bu arada nəzərə çatdıraq ki, qızılın bahalaşması Azərbaycan bazarlarına da təsir göstərib. Hazırda 1 qram qızılın qiyməti əyyarından asılı olaraq 30-50 manat arasında dəyişir.
İqtisadçı-ekspert Vüqar Bayramov səhm bazarındakı böhranın qızılın qiymətinə təsir göstərdiyini deyir: “Hazırda dünya bazarında 1 qram qızıl 56 dollara qədər yüksəlib. Amerikada müşahidə edilən böhran, eləcə də defolt təhlükəsinin olacağı ilə bağlı narahatçılıq qızılın dünya bazar qiymətinə təsir edib. Bir ay əvvəl yəni iyulun 15-də 1 qram qızıl 50 dollar təşkil edibsə, indi qızıl 56 dollardır. Son 1 ildə qızıln qiyməti 38 dollardan 56 dollara qədər yüksəlib. Dünya bazarının təhlili göstərir ki, son 1 ayda qızıl 8, 6 faiz artıb. Son 6 ayda qızılın qiymətində 26,7 faiz, bir ildə artım 42,2 faiz olub. 5 il ərzində isə qızıl 1,8 dəfə artıb. Hansıki bu da kifayət qədər böyük rəqəmdir”.
Ekspertin sözlərinə görə, 5 il əvvəl qızılın 1 qramı 16 dollara satılırdısa, qızıl 40 dollar bahalaşıb: “Qızılın dünya bazar qiyməti birmənalı şəkildə dünya iqtisadiyyatında müşahidə edilən proseslərlə bağlıdır. Yəni dünya bazarında qızılın bahalaşması qiymətli metala olan tələbatın həm investorlar, həm də vətəndaşlar tərəfindən tələbatın artmasına səbəb olub. Belə ki, böhran təhlükəsi, səhm və digər bazarlarda müşahidə edilən böhran investorların daha çox qızıla investisiya qoymasina gətirib çıxarıb”.
Mütəxəssis qeyd edir ki, yaxın zaman üçün qızılın qiyməti dünya iqtisadiyyatında baş verəcək proseslərdən asılı olacaq: ”Dünya və Avropa bazarında böhran meyillərinin səngiyəcəyi, səhm bazarında müşahidə edilən böhranın real sektora keçməyəcəyi halda qızılın qiymətinin yenidən stabilləşməsi, müəyyən qədər azalması baş verəcək.Yaxın günlərdə qızılın qiymətində kəskin artımlar müşahidə edilməyəcək. Hətta qiymətlərdə müəyyən azalmaların baş verəcəyi güman olunur”.
İqtisadçı qızılın bahalaşmasının bazara saxta məhsulların çıxarılmasına səbəb olduğunu da vurğulayır: “Monitorinqlər göstərir ki, qızılın qiyməti artan zaman bazarda saxta məhsulların satışı çoxalır”.
Modern.az