Modern.az

Nazir korrupsiyaya qarşı mübarizənin gücləndirilməli olduğunu vurğulayıb

Nazir korrupsiyaya qarşı mübarizənin gücləndirilməli olduğunu vurğulayıb

16 Avqust 2011, 08:36


Ədliyyə Nazirliyinin kollegiya iclasında ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası, habelə ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
 

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Dövlət Proqramının icrası diqqət mərkəzində saxlanılaraq cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması işi davam etdirlib, 159 normativ hüquqi akt layihəsi hazırlanıb, 612 akt hüquqi ekspertizadan keçirilib. İnzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib, 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib.


Eyni zamanda, nazirlik tərəfindən beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər davam etdirilib. Mərakeş, Rusiya, Gürcüstan və s. dövlətlərlə mühüm ikitərəfli sənədlər imzalanıb, qarşılıqlı səfərlər edilib.
"Təqdirəlayiq haldır ki, 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən dövlətimizin təşkilatın işinə fəal dəstəyi yüksək qiymətləndirilərək, Ədliyyə Nazirliyi və Baş Prokurorluq yüksək təltiflərə layiq bilinmişlər"-deyə nazir bildirib.



İclasda həmçinin, mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulub, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər konkret tədbirlər müəyyən olunub.

Kollegiyada yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə ölkə başçısının 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş yeni Tədbirlər Planının icrası vəziyyəti müzakirə edilib. Ardıcıl tədbirlər nəticəsində son illər 1 milyona qədər yeni iş yerinin açıldığı, vətəndaşların gəlirlərinin artması, yoxsulluğun səviyyəsinin 5 dəfə azalması qeyd olunub, Tədbirlər Planı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş əlavə mühüm vəzifələr vurğulanıb.


"Həmin sənədin icrası çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzlərinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə bələdiyyələrin və QHT-lərin davamlı inkişafının təmin edilməsi kimi konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməkdədir"-deyə qeyd edilib.

Eyni zamanda, Dövlət Proqramının icrası çərçivəsində ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub, son illər keçirilmiş 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunması qeyd edilib, kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsinin zəruriliyi bildirilib. Bununla əlaqədar, işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınaraq nazirliyin internet saytı vasitəsilə müraciətlərin edilməsi üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilib.

Kollegiyada həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Modern.az.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım