Qafqaz Müsəlmanları İdarəsi dünən Yevlaxda həbs edilən iki dindarın rayondakı Cümə məscidinin imamı və axundu kimi təqdim edilməsini narahatlıqla qarşılayb.
Modern.az-a açıqlamasında QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, həbs edilən hacı Ramin Quliyevin və Samir Məmmədovun Cümə məscidinə heç bir aidiyyatı yoxdur. “İslam dini icmalarına təyinat dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən edilir. İdarənin təyinatı ilə Yevlax Cümə məscidinin imam camaatı Azər Lətifov, Yevlax Cümə məscidinin axundu isə Namiq Əliyevdir”-deyə R. Dadaşova vurğulayıb.
QMİ-nin rəsmisi qeyd edib ki, dünən həbs olunan dindarlar kimi adları çəkilən Hacı Ramin Quliyev və Samir Məmmədovun imam və axund kimi qələmə verilməsi yanlışdır.
Qeyd edək ki, avqustun 16-da Modern.az islam-azeri.az internet qəzetinə istinadən Hacı Ramin Quliyev və Samir Məmmədovun saxlanılmaları barədə məlumat yayıb. islam-azeri.az internet qəzeti birincini Yevlax Cümə məscidinin imamı, ikincini isə axundu kimi təqdim edib, bəzi qəzetlər də məlumatı bu cür yayıblar.
Mail Ağaxanov