Müsavat Partiyası Divanının bu gün keçirilən növbəti toplantısında partiyadaxili məsələlər müzakirə edilib. Modern.az bildirir ki, bu barədə partiyanın yaydığı press-relizdə bildirilib.
Toplantıda 2 aprel mitinqində həbs olunanlar üzərində qurulmuş məhkəmə prosesləri barədə məsələ müzakirə edilib və qeyd edilib ki, bu məhkəmələr qondarma ittihamlar üzərində qurulur.
Divan İctimai Palatanın növbəti sessiyasında qəbul edilməsi tövsiyyə olunan sənədləri geniş müzakirə edib və müvafiq qərarlar qəbul edib. Türkiyədə terror nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib və PKK-ya qarşı mübarizənin gücləndirilməsi prosesini müsbət dəyərləndirib.
Somalidə baş verən aclıq və səfalətin aradan qaldırılması üçün atılan addımları dəstəklənib və dünya xalqlarının bu prosesə qoşulmasına ehtiyac olduğunu bildirilib.
Divan Suriyada hökumət qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi qırğını pisləyib və dünya dövlətlərinin Suriyaya qarşı yönəltdikləri sanksiyaların daha da sərtləşdirilməsini və bunun üzərində nəzarəti gücləndirməyi məqsədli sayıb.
Müsavat divanı eləcə də Liviya xalqının və beynəlxalq birliyin son günlər uğurlu addımlarını müsbət qiymətləndirib və ümid etdiyini bildirib ki, bu, gələcəkdə Liviyanın və bölgə ölkələrinin demokratik inkişafı yolunda mühüm addımlardan biri olacaq.
Sonda cari məsələlərə baxılıb.