İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərnişindaşıma sahəsində apardığı monitorinqlər zamanı Bakı-Sumqayıt marşrutu ilə sərnişindaşıma xidmətləri göstərilməsi zamanı süni qiymət artımına yol verildiyi və sərnişinlərdən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən artıq gediş haqqı alındığı müəyyən edilir. Belə ki, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə Sumqayıt şəhərinə qədər gediş haqqı 35 qəpik təşkil etdiyi halda, Ceyranbatan qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda sərnişinlərdən əlavə 5 qəpik, Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda isə Sumqayıtın girişinədək gedən sərnişinlərdən 15 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.
Nazirlikdən Modern.az-a bildirilib ki, görülmüş tədbirlər nəticəsində bu marşrutlarda süni qiymət artımının qarşısı alınmış və gediş haqlarının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilmiş qiymətlərə uyğunlaşdırılması təmin edilib.
Monitorinqlər zamanı Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişinlərdən artıq gediş haqqı alınması halları müəyyən edilməyib.
Məlumat üçün bildirilir ki, marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurasının internet saytında (www.tariffcouncil.gov.az) yerləşdirilib. Sərnişinlərə bu qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə (195-2) və ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (telefonlar: (012) 498-15-01 və (012) 498-15-04) müraciət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.
Modern.az