Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçiriləcək qəbul imtahanına sənəd verən abituryentlərə bügündən Sənəd Qəbulu Komisiyalarından (SQK) “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi” veriləcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, abituriyentlər imtahana aşağıdakı sənədləri, “İmtahana buraxılış vərəqəsi”ni, “Abituriyent vəsiqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Elnur Nağızadə onu da bildirib ki, TQDK tərəfindən abituriyentlərə SQK-da ödənişsiz “Yaddaş kitabçası” təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. Hər bir abituriyent “Yaddaş kitabçası”nı diqqətlə oxumalı və imtahan zamanı orada göstərilən qaydalara riayət etməlidir. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
Qeyd edək ki, orta ixtisas təhsil müəssilərinin ümumi orta təhsil bazasına qəbul imtahanında iştirak etmək üçün 31251 abituriyentin ərizəsi təsdiq edilib. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevr, şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. İmtahan bütün binlarada eyni vaxtda saat 13:00-da başlanacaq. Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevrdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcəbədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək. Abituriyentlərə 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.
Mail Ağaxanov