Sentyabrın 2-4-də İnternet mediasına və bloqçuluğa aidiyyəti olan gənclər Nabrana toplaşacaq. Həmin vaxt həmin məkanda Bloqosfer 2011 - Bloqçular və Yeni Media mütəxəssislərinin II Forumu baş tutacaq.
Bu ilki toplantıda Azərbaycan İnternetinə aid hansı mövzu müzakirə olacaq? Bu haqda tədbirin təşkilatçıları - “İtim” şirkətinin rəhbəri Azər Nəzərov və “Barkamp Azərbaycan” təşkilatının layihə rəhbəri İlqar Mirzə bu gün keçirdikləri mətbuat konfransında məlumat verdilər.
Səslənən informasiyalara görə, ötən il olduğu kimi bu dəfə də forumda məhz iştirakçıların özlərinin istədikləri mövzuları müzakirə edəcəklər. Dövlət qurumlarından Rabitə və İnformasiya Texnologiya Nazirliyi, təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutuna dəvət göndərilib. Hələlik Təhsil Nazirliyinin nümayəndəsi təqdimatla çıxış edəcəyini təsdiqləyib .
Əgər ötən il forumda əsasən regionda bloqçuluqla bağlı problemlər müzakirə edilmişdisə, bu dəfə İnternet mediasına vurğu ediləcək. Həm də “Bloqosfer-2010” toplantısından fərqli olaraq bu dəfə müzakirələrə daha çox vaxt ayrılacaq.
Nabrandakı toplantıda iştirak etmək istəyənlərin qeydiyyatının bitməsinə 3 gün qalsa da, təşkilatçıların sözlərinə görə müraciət edənlər kifayət qədərdir. Qeydiyyat zamanı iştirakçılar “Nəyi öyrənmək istəyirsiniz” sualına da cavab verirlər. Bu cavabların əsasında forum zamanı bəzi iştirakçılara qısa müddətli təlim də keçirilə bilər.
Azər Nəzərov deyir ki, toplantı ilə bağlı bir çox kommersiya qurumlarına müraciət edilsə də, onlar Bloqosfer-ə qatılmağa həvəsli olmayıblar: “Bir çox şirkətlər bəzi sahələrdə monopoliya yaradıblar. Ona görə də öz məhsullarının yeridilməsində İnternetin hansı rol oynaya biləcəyinə önəm vermirlər. Amma Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar təşəbbüsü çox maraqla qarşılayırlar”.
Qeyd edək ki, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşir. Amma forumun digər sponsorların olacağı da istisna deyil. Bloqosferin texniki təminatına “Data+” şirkəti kömək edəcək.
Modern.az