Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin başına 1 milyon 300 min dollar məbləğində pul qoyulub.
Modern.az xarici mətbauta istinadən bildirir ki, bu barədə Liviyanın Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlil məlumat verib.
O, bildirib ki, Qəddafini tutan və ya öldürən hər kim olursa olsun bağışlanılacaq. Mustafa Əbdül Cəlil Qəddafini ölü ya da diri gətirənlərə 1,3 milyon dollar mükafat veriləcəyini də söyləyib.
Polkovnik Qıddafinin hazırda harada olduğu məlum deyil. Paytaxt Tripolidəki qərargahı müxaliflər tərəfindən yağmalanan Müəmmər Qəddafinin yataq otağındakı şapkasını belə, götürə bilmədən qaçdığı bildirilir.
Qəddafinin “Bab-əl Əziziyə” adlı sarayını basan üsyançılardan biri “Sky Nyus” televiziyasına diktatora aid olduğu iddia edilən qızıl zəncir və şapkayla poza verib. O Qəddafinin şapkasını atasına verəcəyini söyləyib.
Modern.az