Fransa erməni lobbisinin güclü olduğu ölkələrdəndir və bəzi fransız deputatlarının da erməni diasporunun təsirində olması şübhəsizdir. Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı YAP-ın rəsmi saytına məlumatında deyib. Məlahət İbrahimqızı bildirib ki, “Fransa deputatlarının birbaşa Dağlıq Qarabağa getməsi onu göstərir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olsa da, ikili standartlara söykənən siyasət aparır. Fransa erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir və bəzi fransız deputatlarının da erməni diasporunun təsirində olması şübhəsizdir”.
Millət vəkili onu da bildirib ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bitərəf və neytral olmalıdır.
Deputat qeyd edib ki, Fransa parlamentarilərinin Azərbaycanın icazəsi olmadan işğal olunan Dağlıq Qarabağ ərazilərinə səfər etməsini pisləyir.
“Əgər onlar Qarabağa xoşməramla getmək niyyətində olsaydılar, Azərbaycana gəlib, müəyyən qurumlara müraciət edib icazə almalıidilər”.