Türkiyənin Azərbaycandakı səfirliyinin 30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələr Günü ilə bağlı planlaşdırdığı tədbir bu dəfə keçirilməyəcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən Modern.az-a bildirilib ki, builki tədbir avqustun 30-da saat 20:00-da “Gülüstan” sarayında olmalı idi. Səfirlik tədbirin təxirə salınmasına səbəb kimi son günlər Türkiyədə yaşanan qanlı terror hadisələrini göstərir.
"Məhz son günlərdə ard-arda gələn şəhid xəbərləri və artan terror hadisələri səbəbi ilə Azərbaycanda 1992-ci ildən bəri hər il keçirilən və 1000-ə yaxın qonağın iştirak etdiyi 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü ilə bağlı tədbir bu il keçirilməyəcək. Bu hər şeydən əvvəl şəhidlərimizə və Türk millətinin mənəvi dəyərlərinə göstərilən sayğı, ehtiram və vəfadan irəli gəlir".
Bu il 89-cu ildönümü tamamlanan 30 Avqust Zəfər Bayramı ilə bağlı nəzərdə tutulan bütün bayram tədbirləri ləvğ edilib.
30 Avqust Zəfər Bayramı şanlı Türkiyə ordusunun Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanların üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur.