Modern.az

BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi Milli Məclisə gəldi

BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi Milli Məclisə gəldi

Təhsil

25 Avqust 2011, 15:26

Bakıda səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi avqustun 25-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Modern.az xəbər verir ki, komitənin sədri Səməd Seyidov qonaqlara Azərbaycanın dövlətçilik tarixi, Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə sıx əməkdaşlıq edir.
“Avropa Şurasının tam hüquqlu üzvü kimi Avropa İttifaqının bütün proqramlarında fəal iştirak edir. Biz inanırıq ki, BMT-də də rəsmi Bakının mövqeyi daha da möhkəmlənəcək, fəaliyyəti genişlənəcəkdir”.

S.Seyidov BMT-yə üzv ölkələrin daimi nümayəndələrinin bundan əvvəl də ölkəmizə səfər etdiklərini xatırladıb, bu cür səfərləri əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Komitə üzvu Qənirə Paşayeva Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinin, bir milyondan çox insanın 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşamasının, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasının haqlı narazılıq doğurduğunu bildirib.
Parlamentdə Ermənistanla sərhəd bölgəsini təmsil edən millət vəkillərindən biri olduğunu vurgulayan Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları barədə məlumatlar verib. O deyib ki, “1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər və bütün azərbaycanlılar sizdən öz yurd-yuvalarına dönmələrinə  dəstək göstərmənizi və gələcəkdə də göstərəciyinizi, münaqişənin tənzimlənməsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinizi gözləyir”.

Benin dövlətinin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou Bakıya səfərin əhəmiyyətini yüksək qiymətləndirib, bu cür səfərlərin təşkilinə görə nümayəndə heyəti adından Azərbaycan hökumətinə minnətdarlıq edib. O deyib ki, bu cür səfərlər həm ikitərəfli münasibətlərin inkişafı, həm də insanlıq naminə daha çox iş görülməsi baxımından mühüm  əhəmiyyət kəsb edir.

Sent Vinsent və Qrenadin dövlətinin nümayəndəsi Kamillo Qonsalves deyib ki, Karib dənizi hövzəsi ölkələri xarici siyasətdə vahid mövqedən çıxış etmək barədə razılıq əldə ediblər. Bu 14 ölkə BMT-də keçiriləcək səsvermədə Azərbaycanın mövqeyini müdafiə edəcək.

Sonra çıxış edən digər nümayəndələr Bakıya səfərdən məmnun qaldıqlarını bildirmiş, Azərbaycanın regionda və dünyada gedən proseslərdəki iştirakını yüksək qiymətləndiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım