Modern.az

“İran Azərbaycandakı “islamçı”lara qəpik-quruş göndərməklə onları antidövlət addımlara təhrik edir”

“İran Azərbaycandakı “islamçı”lara qəpik-quruş göndərməklə onları antidövlət addımlara təhrik edir”

Təhsil

25 Avqust 2011, 18:51

Mübariz Əhmədoğlu valideynlərə müraciət etdi

“Azərbaycanda gənclərin öz potensialını üzə çıxarması, özlərini təsdiq etməsi üçün hər cür şərait var. Azərbaycan gəncləri hüquqi, demokratik dövlət quruculuğunda yaxından iştirak edir, milli maraqlarımızın və ölkəmizin ərazi bütövlüyünün qorunması üçün səylə çalışırlar. Ən azı, bu parametrlər üzrə Azərbaycan hansı dövlətdən də geri qalsa, İrandan dəfələrlə üstündür”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, bir qrup gəncin İranın təsiri altında icazəsiz aksiyalar keçirməyə cəhd göstərməsi təəssüf doğurur:
“Azərbaycan qanunları icazəsiz aksiyalar keçirməyə cəhd edən insanları cəzalandırmağı tələb edir. Bu mənada, hansısa xarici ölkənin təsiri ilə icazəsiz aksiyalar keçirməyə cəhd edən gənclərin qanun qarşısında cavab verməsi labüddür. Mən, gənclərimizin İranın verdiyi 5-10 manatın müqabilində qanunları pozub, məhbəs həyatı yaşamasını istəməzdim”.

Politoloq valideynlərə müraciət edərək, onları övladlarının taleyinə biganə qalmamağa səsləyib: “Hər bir övladın taleyinə görə valideyn məsuliyyət daşıyır. Bütün valideynlərə müraciət edərək, onları övladlarının taleyinə biganə qalmamağa çağırıram. Bu gün İrana rəhbərlik edən adamlar mütərəqqi Azərbaycan gəncliyinə müsbət heç nə verə bilməzlər. Buna görə də İranın təsiri altında olan gənclərin valideynlərinə müraciət edib, onları övladlarını pis yoldan çəkindirməyə çağırıram. Azərbaycan gəncləri həmişə mütərəqqi ideyaların arxasınca gedib. Valideynlər çalışmalıdırlar ki, övladları bundan sonra da ali məqsədlər uğrunda mübarizə aparsınlar”.

SİTM sədri deyib ki, İranın regional siyasətində radikallaşma müşahidə olunur. Yenə əsas hədəf Azərbaycandır: “Ərəb dünyasında baş verən inqilabi proseslər İranın qapısının ağzındadır. “HƏMAS” İranın əlindən alındı, “Hizbullah” Livanda neytrallaşdırılır, hal-hazırda “Hizbullah”ın Livandakı proseslərə təsiri minimumdur. Yaxın vaxtlarda Həririnin ölümü ilə bağlı beynəlxalq məhkəmə işə başlayacaq. “Hizbullah”ın liderləri Haaqa Məhkəməsində mühakimə olunacaqlar. Suriyada baş verənlər İran üçün daha böyük təhlükədir. Suriyanın prezidenti ya antiiran qüvvəyə çevrilib hakimiyyətdə qalmalıdır, ya da hakimiyyətdə yerini başqa antiiran liderə verməlidir. Bütün bunları nəzərə alaraq, İran digər bir dövlətdə inqilabi vəziyyət yaratmaqla istəyir ki, öz başının üzərini almış inqilab təhlükəsini sovuşdursun. İranın Azərbaycan üzrə gördüyü işin əsas məqsədi buna yönəlib. İranın Azərbaycana qarşı dediklərinin dini əsası yoxdur, çünki İranda din siyasətin qulluqçusudur. Din və siyasət ikisi birlikdə isə fars millətçiliyinin xidmətindədir. İranın Azərbaycana qarşı irəli sürdüyü hicab məsələsini Suriyanın hicaba və islamı partiyalara qarşı münasibəti darmadağın edir”.

Ekspert onu da qeyd edib ki, yəhudi məsələsi və ya Fələstinlə bağlı İranın siyasəti həqiqətdən tamamilə uzaqdır: “İran özünü elə göstərir ki, guya Fələstinlə çox sıx siyasi, iqtisadi, humanitar əlaqələri vardır. Əslində, heç bir Fələstin lideri İranda olmayıb; heç bir İran prezidenti Fələstinə səfər etməyib; Fələstinlə İranın arasındakı iqtisadi əlaqələr sıfır radələrindədir; İranda keçirilən dini müsabiqələrdə bir dənə də olsun Fələstinli uşaq iştirak etmir. Amma İranın rəsmi təbliğat maşını axşama qədər Fələstindən danışır. Bu, rəsmi Tehranın təbliğatının nələrə söykəndiyinin ən yaxşı göstəricisidir”.

Sonda M.Əhmədoğlu bildirib ki, İran Azərbaycanda “islamçı”lara cüzi miqdarda pul verməklə onları antidövlət addımlara təhrik edir. Onun sözlərinə görə, İran Azərbaycanda daha çox adamların həbs olunmasında maraqlıdır:
“Çoxlu sayda həbs olunan adam İran rəhbərliyinin çoxlu miqdarda pul xərclədiyinin əlaməti kimi qəbul edilir. Azərbaycana sərf olunan pulla bağlı İranda iki qrup bir-birilə didişir. Özləri pulu yeyib-dağıdır, Azərbaycana - “islamçı”lara qəpik-quruş göndərirlər. Həbs olunanların miqdarı isə özləri yedikləri pulun miqdarına uyğun gəlməlidir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım