Avqustun 26-da Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun Korgöz qəsəbə sakinləri ilə görüş keçirib. Modern.az saytının görüşdə iştirak edən əməkdaşı xəbər verir ki, Süleyman Mikayılov Qaradağ rayonunda çox böyük işlər görüldüyünü qeyd edib.
“Bu gün təkcə Qobustan qəsəbəsində 800 şagirdlik yeni məktəb binası tikilir, həmçinin Qobustan qəsəbəsində yeni xəstəxananın inşasına başlanılıb. Ümumilikdə Qaradağ rayonunun bütün qəsəbələrində təmir-tikinti işlər aparılır və yol çəkilişi, kanalizasiya sisteminin təmiri, su çəkilişi həyata keçirilir”.
Süleyman Mikayılov Korgöz qəsəbəsindəki 197 nömrəli orta məktəbin zalında qəsəbə sakinləri ilə təşkil olunan görüş zaman müraciət edərək bildirib ki, “kimin nə problemi var, çəkinməsin desin”.
Qəsəbə sakinlərindən bir neçəsi yol və qaz probleminin olmasından şikayətlənib. İcra başçısının verdiyi vədləri onun yadına salıblar.
“Siz Qaradağ rayonuna icra başçsı təyin olanda bizimlə görüş keçirdiniz. Görüş zamanı söz verdiniz ki, qəsəbədə qısa müddət ərzində su, qaz, işıq və yol problemin həll olunacaq. Amma həmin problemlərdən su və işıq problemi qismən həll olunub, yol və qaz problemi isə qalmaqdadır”-deyə sakinlər icra başçısının verdiyi sərbəstlikdən istifadə edib şikayətlərini ona çatdırıblar.
İcra başçısı sakinlərin sualına cavab olaraq bildirib: “Artıq gördüyünüz kimi, bir neçə gündür qəsəbədaxili yollar asfaltlanır. Havalar imkan versə, qəsəbənin asfaltlanma işləri sentyabır ayında başa çatacaq”.
Daha sonra Süleyman Mikayılov rayonun qaz təchizatı işinə baxan məsul şəxsi ayağa qaldırıb ondan “qəsəbədə qazlaşma işləri nə vaxt başa çatacaq?” deyə soruşub.
Qaz idarəsinin məsulu “cənab başçı, Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində Korgöz qəsəbəsinin də qazlaşdırılması nəzərdə tutulub” deyə cavab verib.
Süleyman Mikayılov qaz idarəsinin rəhbərinə “2013-cü il gecdi, bunu tezləşdirmək lazımdı. İndi siz deyirsiz bu adamlar 2013-cü ilə kimi gözləməlidirlər, qəsəbəyə qaz çəkilişini tezləşdirin” deyə tapşırıq verib.
Mail Ağaxanov