Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanov 29-31 avqustda Kiyev şəhərində səfərdə olub.
Deputatın qərargahından Modern.az-a bildirilib ki, E.Süleymanov Şərq Tərəfdaşı ölkələrinin AVRONEST PA-da nümayəndə heyətlərinin rəhbərlərinin qeyri-formal görüşündə iştirak edib. Görüşdə Ukrayna və Azərbaycanla yanaşı AVRONEST PA-da Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib. Kiyevdə keçirilən görüşün əsas məqsədi AVRONEST PA-nın 14-15 sentyabr tarixdə Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məqsədi daşıyıb. Görüş zamanı sessiyada qəbul ediləcək sənədlər müzakirə edilib. Səfər zamanı qonaqları Ukrayna Ali Radasının sədri cənab Vladimir Litvin qəbul edib.
***
Elxan Süleymanov 26-28 avqustda Belçikaya səfər edib. O, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Blanşarla görüşüb. Səfər zamanı cənab Blanşarın meri olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib.
Qeyd etmək lazımdır ki, Blanşarın rəhbərliyi altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə heyəti 04-08 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasına səfər etmişdi. Onlar səfər çərçivəsində həmçinin Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla görüşmüşdülər. Görüş zamanı Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq əldə edilmişdi.
Odur ki, Şamaxının millət vəkili Elxan Süleymanovun Belçikaya səfəri zamanı Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması istiqamətində müvafiq sənədlərin qəbul edilməsi və yaxın zamanlarda qarşılıqlı olaraq konkret tədbirlərin keçirilməsi qərara alınıb. Görüş zamanı Belçika və Azərbaycan üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.
Modern.az