Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun ölümünün araşdırılmasını istəyir. Modern.az xəbər verir ki, bununla bağlı Ombudsman aparatının mətbuat xidməti məlumat yayıb.
”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə ATƏT‑in Bakı Ofisindən və digər mənbələrdən daxil olmuş məlumatlarda 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib”-deyə məlumatda qeyd edilib.
Müvəkkil müraciətlərdə göstərilmiş halların araşdırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı Baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib.
Modern.az