Son aylar ölkədə ərzaq məhsulları ilə bağlı müşahidə olunan bahalaşma Milli Məclisin rəsmi mətbuat orqanı “Azərbaycan" qəzeti tərəfindən də ardıcıl məqalələrlə tənqid olunur.
Rəsmi qəzet "Qiyamət qoparan qiymət" və "Ətlə cib kəsənlər" sərlövhəli məqalələrilə bahalaşmaya etiraz edib. Qəzet yazır ki, kənd təsərrüfatı məhsullarının istehsalının artımı şəraitində istehlak bazarında qiymətlərinin yüksəlməsi normal hesab edilə bilməz.
“Azərbaycan" qəzetinin tənqidinə Kənd Təsərrüfatı Nazirliyi reaksiya verib. Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, qiymət artımına səbəb olan amillərdən danışıb.
“Qiymətlərin nisbətən yüksək olmasının əsas səbəbi kənd təsərrüfatı məhsullarının nəql edilməsi zamanı müxtəlif subyektiv maneələrin yaradılması və satışının bilavasitə möhtəkirlərlə əlaqədə olması və eyni zamanda ixrac əməliyyatlarının artmasıdır”-deyə A.Aslanov bildirib.
“İstehlak bazarında qiymətlərin artmasının qarşısının alınması məqsədilə 2006-cı ilin iyulundan həftənin şənbə və bazar günlərində, eyni zamanda bayram günlərində Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilir ki, burada da qiymətlər bazar qiymətlərindən 25-35 faiz aşağı olur. Bununla yanaşı, kartofun, tərəvəzin, bostan məhsullarının, meyvə və giləmeyvə istehsalının əhalinin istehlak normasından 1,9-2,4 dəfə artıq olması ilə əlaqədar məhsul itkisinin qarşısının alınması və əhalinin müntəzəm olaraq kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə respublikanın bir çox rayonlarında dövlət vəsaiti hesabına ümumi tutumu 60,0 min tondan artıq olan soyutma anbarları tikilib istifadəyə verilmişdir”.
A.Aslanov bildirib ki, respublika əhalisinin istehlak tələbatının ödənilməsi məqsədilə kənd təsərrüfatı məhsulları bolluğunun yaradılması və istehsal edilmiş məhsulların saxlanılmasının təşkil edilməsi üçün geniş iş aparılır və bundan sonra da müvafiq praktiki tədbirlər həyata keçiriləcək.
Modern.az