Modern.az

Mübariz Qurbanlı: "İşğalçının mövqeyi Azərbaycanın Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir”

Mübariz Qurbanlı: "İşğalçının mövqeyi Azərbaycanın Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir”

2 Sentyabr 2011, 13:50

«Dövlətlərarası münaqişələrin və qarşıdurmaların aradan qaldırılmasında BMT-nin özünəməxsus yeri və rolu var. BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir”.
Modern.az-ın məlumatına görə, bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hakim partiyanın saytına açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün dünyada sülhün, əmin-amalığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. Deputatın fikrincə, BMT böyük bir təşkilat olmaqla yanaşı, həm də siyasi məsuliyyət daşıyan bir qurumdur.

M.Qurbanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu və ona görə də, BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə layihəsi qəbul etdiyini vurğulayıb.

“Qətnamənin məlum şərtlərinə əsasən işğal edilən Azərbaycan əraziləri qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələrin icrası indiyədək yerinə yetirilməyib. İşğalçı ölkənin bu məsələdə qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir”. 

Mübariz Qurbanlı hesab edir ki, bununla bağlı Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasına yenə də müraciət edə bilər, lakin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olduğuna görə, ölkəmiz həmin qətnamələrin yerinə yetirilməsini təklif və tələb edir.

“Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. İlk öncə, Ermənistan qətnamə layihəsinin icrasını həyata keçirmədiyinə görə, bu ölkəyə qarşı iqtisadi və siyasi xarakterli sanksiya tətbiq edilməlidir. Lakin çox təəssüf ki, bunu görmürük. Və bunun da səbəbi Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkələr sırasında işğalçı Ermənistanı müdafiə edənlərin olmasıdır. Bunun da kökündə yalnız geopolitik maraqlar və regionla bağlı həmin ölkələrin siyasəti dayanır»- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan diplomatiyası uğurlar qazanmaqdadır. Onun fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsinin əhəmiyyəti böyükdür. Bu fakt onu göstərir ki, Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə nail olur. 

“Azərbaycan dövləti hücumçu diplomatiya xəttini davam etdirərək Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı beynəlxalq qurumlarda qərarların qəbul edilməsinə nail olub. Erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy foralaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik və Ermənistan Azərbaycanın qarşısında diz çökəcək”- deyə M.Qurbanlı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım