9227 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub
Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini açıqladı.
Modern.az saytının məlumatına görə, avqustun 28-də keçirilən orta təhsil bazasından (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanın nəticələri TQDK-nın internet saytında //tqdk.gov.az/texn9nt/ yerləşdirilib.
Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9642 plan yerinə 31251 abituriyent sənəd vermişdi. Onlardan 30768 nəfəri imtahanda iştirak edib, 442 abituriyent imtahana gəlməyib.
Abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunmuş və nəticələri ləğv olunub.
Abituriyentərdən 9227 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar sentyabrın 6-dan 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
Modern.az