Rusiyada həbsdən çıxandan sonra ötən həftə Bakıya gələn iş adamı Etimad İsmayılov yenidən geri qayıdıb. Bu barədə Modern.az saytına onun atası, Milli Məclisin deputatı, Ədalət Partiyasın sədri İlyas İsmayılov məlumat verib. Deputat oğlunun bu gün səhər Azərbaycandan Rusiyaya yola düşdüyünü qeyd edib. Millət vəkili oğlunun bundan sonra da öz işlərini davam etdirmək niyyətində olduğunu bildirib.
Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılov avqustun 15-də azadlığa buraxılıb. O, 5 milyon rubl girov müqabilində azad edilib.
Etimad İsmayılov həbsxanadan azadlığa buraxılandan sonra da Çelyabinskini tərk etməyəcəyini bildirib. E.İsmayılov Çelyabinskdə qalacağını, buradakı korrupsiyaya qarşı mübarizə aparacağını söyləyib. O, həmçinin hər addımbaşı pozulan insan hüquqlarının da müdafiəsi üçün çalışacağının anonsunu verib.
Xatırladaq ki, №540368 saylı cinayət işi 24 avqust 2006-cı ildə qaldırılmış, bu cinayət işi Rusiya FSB-sinin Çelyabinsk şəhər şöbəsi tərəfindən davam etdirilmiş, E.İsmayılova 8 il həbs cəzası verilmişdi.
Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülmüşdü.
Modern.az