Modern.az

Sumqayıtdan şikayət var

Sumqayıtdan şikayət var

5 Sentyabr 2011, 10:36

Yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu günlərdə valideynlər müxtəlif çətinliklərlə üzləşirlər. Dərs ləvazimatlarının, yeni məktbəli formalarının alınması, 1-ci sinfə gedəcək şagirdlərin məktəbə yazdırılması və s.
Sumqayət şəhərində yaşayan bir qrup valideyn redaksiyamıza müraciət edərək bu il 1-ci sinfə gedəcək şagirdlərlə bağlı bir məsələni işıqlandırmağımızı xahiş ediblər. Onlar Sumqayıt şəhər 1 saylı orta məktəbin rus bölməsinin 1-ci siniflərindən birinə 40-dək uşağın qəbul olunmasından şikayətləniblər. Bildirilir ki, şagirdlərin sayının çox olmasına baxmayaraq, paralel sinif açılmır. Nəzərə alsaq ki, bu qədər şagirdin hamısı yeni məktəbə gedənlər olacaq, onda bir müəllimin 40 şagirdə eyni vaxtda necə əlifba öyrədəcəyi sual doğurur. Fiziki cəhətdən bunu etmək mümkün deyil.
Üstəlik rus bölməsinin həmin sinfində dərs deyəcək müəllim də cavan deyil. Valentina müəllimənin 65 yaşdan yuxarı yaşı var. Məlumata görə, məktəbdə bütün 65 yaşdan yuxarı müəllimələr çıxarılıb, ondan başqa...

Modern.az Təhsil Nazirliyindən bir sinifdə qanunvericiliyə görə nə qədər şagirdin oturmasına icazə verildiyini öyrənib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, orta məktəblərdə paralel siniflərdə ən azı 20 nəfər şagird olanda komplekləşdirilir. 10-15 nəfər olsa belə sinfin açılmasına icazə verilir. Ancaq sinifdə 30-dan yuxarı 40 şagird olarsa, o zaman bu iki sinifə bölünməlidir.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər Təhsil Şöbəsilə əlaqə saxladıq. Təhsil şöbəsinin müdiri Vidadi Bağırov da bir sinifə 40 şagirdin qəbulunun düzgün olmadığını bildirdi. Onun sözlərinə görə sinifdə az şagird olsa, daha yaxşıdır.

“Ancaq həmin məktəbdə rus bölməsinin 1-ci sinfində 40 yox, 34 şagird təhsil alacaq. Paralel sinif olmadığı üçün onların bölünməsi də mümkün olmayacaq və onlara bir yerdə təhsil veriləcək. Ümumiyyətlə, sinifin iki yerə bölünməsi üçün 50 nəfər olmalıdır, buna görə də 34 şagirdi iki sinifə bölməyəcəklər” deyə Təhsil Şöbəsinin müdiri əlavə edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım