Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Qırğızıstanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı bu ölkənin İstanbul Baş Konsulluğunun düzənlədiyi təntənəli tədbirdə iştirak edib.
Azərbaycan parlamentinin üzvünün tədbirdə iştirakından məmnun olduğunu deyən Qırğızıstanın İstanbul Baş konsulu Mirlan Arstanbayev, dövlət müstəqilliklərini bərpa etmiş türksoylu respublikaların bir-birinin sevincinə şərik olmasının qürurverici fakt olduğunu vurğulay;b.
Xanım Paşayeva təşkilatçıları əlamətdar yubiley münasibəti ilə təbrik edərək, Qırğızıstanın dövlət müstəqilliyinin bərpasının ildönümünün İstanbulda, digər türksoylu ölkə nümayəndələrinin də qatılımı ilə geniş formatda qeyd edilməsini xoşbəxt hadisə adlandır;b.
Qırğızıstandan gəlmiş nümayəndə heyətinin üzvləri, habelə yerli qırğız icmasının fəalları ilə görüşən Qənirə Paşayeva, Azərbaycan-Qırğızıstan münasibətləri, Türk Dünyasında qarşılıqlı işbirliyinin perspektivləri barədə fikir mübadiləsi aparıb.
Tədbirdə iştirak edən Özbəkistan Respublikasının İstanbul Baş Konsulu Qulyamov Abror ilə də görüşən xanım millət vəkili onu Özbəkistan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə təbrik edib, Özbəkistanın istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar səviyyəsində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən məmnunluqla söz açıb, iki qardaş ölkə arasında münasibətlərin hər iki ölkə rəhbərinin səyləri ilə getdikcə daha dərin məzmun almasından danışıb. Millət vəkili “hər kəs bu işbirliyinə öz töhfəsini verməlidir” deyə qeyd edib.
Modern.az