Modern.az

AŞPA-nın komitə sədri: “Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya ilə qorunmur...”

AŞPA-nın komitə sədri: “Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya ilə qorunmur...”

5 Sentyabr 2011, 14:47

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib.

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, H.Orucov AŞPA nümayəndəsini salamlayaraq bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur.
“Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılmış, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır. Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənmişdir ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da eksport edə bilər”.

Hidayət Orucov bildirib ki, təxminən bir neçə ay öncə on illiyi qeyd edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çoxmillətli və müxtəlif konfessiyalı Azərbaycanda  dövlət-din münasibətlərini ədalətli və demokratik qanunlar əsasında tənzimləmək gerçəkliyindən, ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoqa dəstək olmaq zərurətindən yaranıb. Məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində dini qurumlarla yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsində fəal iştirak etməkdən ibarət olub.

Kristos Pirquridesin diqqəti belə bir xarakterik əlamətə də çəkilib ki, ölkəmizdə Ramazan bayramı yüksək səviyyədə qeyd olunub.
“Məmnunluq hissi ilə qeyd edirəm ki, müsəlmanların bu gözəl bayramı, hər il ölkəmizin digər din mənsubları tərəfindən də bayram kimi qarşılanır. Pasxa, Milad, Roş ha Şana və başqa din mənsublarının bayramlarında isə əhalisinin 86 faizi müsəlman olan Azərbaycanda olsanız elə bilərsiniz ki, bu elə müsəlmanların bayramıdır”.

Kristos Pirqurides səmimi qəbul üçün Dövlət Komitəsinin sədrinə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkəyə səfər etmək xoşdur. Komitə sədri Kristos Pirqurides xüsusi olaraq vurğulayıb ki, “Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya və digər qanunlarla deyil, həm də milli-dini dəyərlərlə qorunur”.
Ölkəmizə ilk dəfə beş il əvvəl gəldiyini diqqətə çatdıran AŞPA nümayəndəsi bu səfərində Azərbaycanda şahidi olduğu sosial-iqtisadi inkişaf sürətindən məftunluğunu ifadə edib. Ermənistanın işğalçı mövqeyinin ən ağır ittihamçılarından olduğunu bildirən Kristos Pirqurides düşmən qoşunlarının Azərbaycan torpaqlarından geri çıxarmalarını təkid etdiyini söyləyib. 

Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri  maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım