Respublikanın 40 faizini kartofla təmin edən Gədəbəydə bu il məhsuldarlığın aşağı olacağı gözlənilir. Bunu artıq yenicə başlayan kartof yığımına əsasən də söyləmək olar.
Bu il Gədəbəydə 13 min 184 hektar sahədə kartof əkilib. Yaz əkinindən sonra rayonda güclü yağış və dolunun yağması səbəbindən bəzi kəndlərdə kartofun məhsuldarlığı aşağı düşüb. Kartofun məhsuldarlığının az olması təbii şəraitlə əlaqələndirilir. Belə ki, rayonda əsas kartof becərən Qızıltorpaq, Saratovka, Poladlı, Arıqdam, Şəkərbəyli kimi kəndlərdə 1-2 saat ərzində yağan dolu zamanı kartof sahəsinə ciddi ziyan dəyib, məhsul tamamilə məhv olub. İş o yerə çatıb ki, kənd sakinləri özləri kartofu satın alacaq.
Qeyd edək ki, Gədəbəy rayonu respublikanı kartofla təmin edən əsas rayonlardan biridir. Dəmyə şəraitində becərilən ekoloji cəhətdən təmiz kartof məhsulunun bir qismi Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkalarında və iri şəhərlərdə satılırdı. Bu il rayonda təxminən bir hektardan 9 ton məhsul götürüləcəyi praqnozlaşdırılır. Bu da ötən illərlə müqayisədə xeyli aşağı göstəricidir.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin sözlərinə görə, bu il yağıntının çox düşməsi və sonradan da quraqlığa keçməsi ilə əlaqədar 4-5 kənd istisna olmaqla, hər hektara hər hektara 9 ton məhsul əldə edəcəklər. Keçən il isə həmin göstərici 14-15 ton olub.
Bu il məhsuldarlığın aşağı olması satış qiymətinə də öz təsirini göstərəcək. Belə ki, ötən il 50-60 qəpiyə satılan kartof bu il 80-90 qəpiyə qalxa bilər.
Xaliq Qurbanov