Bu yaxınlarda Biləsuvar sərhəd keçid məntəqəsində İran sərhədçiləri şair Sona Vəliyevanın yenicə çapdan çıxmış “Arazbarı” adlı şeirlər kitabını müsadirə ediblər. Aldığımız məlumata görə, kitablar İrandan keçməklə Naxçıvan Muxtar Respublikasına aparılırmış. Sərhədçilər kitabın adından və üz qabığının təsvirindən ehtiyat etdiklərindən onu sərhəddən buraxmayacaqlarını bildiriblər.
Onlar kitabın nə üçün «Arazbarı» adlandırılması və üz qabığında nəyə görə Xudafərin körpüsünün təsvir olunması ilə bağlı suallar veriblər. Onlara «Arazbarı»nın Azərbaycan muğamlarından birinin adı olduğu, Xudafərin körpüsünün isə Azərbaycan xalqının tarixi-memarlıq abidəsi olduğu izah edilib. Buna baxmayaraq, sərhədçilər kitabın İran ərazisindən keçirilməsinə icazə verməyiblər və kitablar müsadirə edilib.
Qeyd edək ki, şair, filologiya elmləri namizədi Sona Vəliyevanın “Arazbarı” adlı kitabında müxtəlif illərdə qələmə aldığı şeirləri toplanıb. Bu yaxınlarda “Qanun” nəşriyyatında çap olunan kitabın ön sözünün müəllifi millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.
Müəllifin indiyə qədər “Azərbaycançılıq, milli ideologiya və ədəbi-estetik təlim kimi” (2002), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007) şeirlər kitabı işıq üzü görüb.
Modern.az