Prezident İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. İki birləşmiş korpusdan ibarət olan 179 nömrəli məktəbdə 2350 şagirdin təhsil aldığı bildirilib. İki mərtəbədən ibarət korpuslardan biri 1936-cı ildə, üç mərtəbədən ibarət digər korpus isə 2005-ci ildə inşa olunub. Yeni dərs ili ərəfəsində 179 nömrəli orta məktəb binası əsaslı şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan dövlət başçısı yeni məktəb binasının inşası üçün müvafiq yer ayrılması barədə göstərişlər verib.
İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də tanış olub.
Binəqədi qəsəbəsində əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulub, qəsəbədaxili küçələrdə 100-dən çox xaricdən gətirilmiş yeni işıq dirəkləri quraşdırılıb.
Görülən işlərlə tanış olan dövlət başçısı kənd sakinləri ilə görüşüb söhbət edib. Binəqədi qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər dövlət başçısına arzu və istəklərini çatdırıblar.
İlham Əliyev qarşıda görüləcək işlərdən danışıb:
”Mənə verilən məlumata görə, iki ay ərzində 16 kilometr qəsəbədaxili yeni yollar çəkilibdir. Bu, şəkillərdə də göstərilib. Əlbəttə, siz qəsəbə sakinləri yaxşı bilirsiniz ki, bunlar torpaq yol idi. İndi isə asfalt yoldur. Başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir və konkret xarakter daşıyır. Nəinki yollar, bütün infrastruktur yeniləşməlidir. Elektrik xətləri, qaz təchizatı məsələləri tədricən həll olunur. Mənə deyilənə görə, bu məsələlərlə bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər müəyyən edilmiş vaxtda həll olunacaqdır.
Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir. Yəni, biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq. Buraya gəlməzdən əvvəl böyük bir məktəbin təmiri ilə maraqlandım. Mən indi göstəriş vermişəm ki, yeni məktəbin tikintisi üçün yer müəyyən edilsin. Bakıda və ətraf qəsəbələrdə indi məktəblərin təmiri də sürətlə gedir. İlin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcəkdir.
Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində.
Proqramı biz qəbul etmişik, təsdiq etmişik. Orada hər şey göstərilir, mətbuatda da dərc edilmişdir. Hər bir vətəndaş görə bilər ki, onun qəsəbəsində, kəndində nələr baş verəcəkdir. Ancaq bu proqramı biz qəbul edərkən, əlbəttə, çalışırdıq ki, yerlərdən bütün təklifləri alaq və aldıq da. Amma həyat yerində durmur. Misal üçün Binəqədi qəsəbəsində yeni məktəbin tikintisi nəzərdə tutulmurdu. İndi mənə verilən məlumatdan sonra demişəm ki, məsələ araşdırılsın. Yeni məktəb tikilməlidir. Yəni biz məsələyə realist nöqteyi-nəzərdən yanaşmalıyıq. Proqrama əlavələr də edilə bilər, edilməlidir də”.
Prezident deyib ki, 2013-cü ilin sonuna qədər Bakının su problemi birdəfəlik öz həllini tapmalıdır.
”Bu, bizim üçün ən böyük problemdir. Əfsuslar olsun ki, bu problem bizi həmişə incidib. Bu da təbiidir, çünki Abşeron yarımadasında su ehtiyatları azdır, demək olar ki, yoxdur. Bura gələn xətlər, vaxtilə çəkilmiş xətlərin bir hissəsi köhnəlib, bir hissəsində təmizləyici qurğular sıradan çıxıb. Ona görə bu, böyük vəsait və zaman tələb edən məsələdir. Ancaq məsələ elə qoyulub ki, nəinki Bakı və ətraf qəsəbələrin, bütün rayonlarımızın içməli su ilə təminatı və kanalizasiya problemi 100 faiz həll edilməlidir. Ona görə bu məsələlər proqramda da vardır, əlavə vəsait də ayrılıbdır. Bu ilin dövlət büdcəsinə də düzəlişlər edilmişdir və ilk növbədə, su layihələrinin həll olunmasına vəsait ayrılmışdır. Oğuz-Qəbələ su xətti də yeni mənbənin, necə deyərlər, aşkarlanması nəticəsində reallaşıb. Layihənin üstünlüyü ondadır ki, bu mənbə Azərbaycanın daxilində mövcuddur. Oğuz-Qəbələ xəttinin üstünlüyü ondadır ki, bu, artıq Azərbaycan ərazisində formalaşır və orada çox böyük mənbə vardır, ehtiyat böyükdür. Əminəm ki, biz bu məsələni həll edəcəyik. Qarşıya vəzifə qoyulub. Bir halda ki, qarşıya vəzifə qoyulub, o icra edilməlidir. Mən bir daha demək istəyirəm ki, proqramlarımızın hamısı konkret məna daşıyır”.
Sakinlər Prezidentdən uşaq bağçası tikilməsini xahiş ediblər:
Prezident İlham Əliyev: “…Dərhal göstərişlər verirəm ki, bu məsələlərlə bağlı ciddi məşğul olsunlar. Doğrudan da uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Mənə verilən məlumata görə bizdə bu bağçalar ehtiyaclarımızı demək olar ki, haradasa 20 faizdən aşağı səviyyədə təmin edir. Ona görə növbəti illərdə bağçalar həm təmir edilməli, həm də tikilməlidir…”.
Modern.az