Modern.az

Şəhidlik zirvəsinə ucalan ömür

Şəhidlik zirvəsinə ucalan ömür

Təhsil

6 Sentyabr 2011, 09:43

Millət üçün, xalq üçün yaşayan, Vətən uğrunda şəhid olanlar ölümündən sonra nəinki doğmalarının,
minlərin, milyonların, bütövlükdə xalqın yaddaşında əsrlər boyu, nəsildən-nəslə əbədi olaraq yaşayırlar.
Haqqında söhbət açacağım qəhrəman da qanının qaynayıb coşan çağında mübarizə meydanlarına, odlu-alovlu
döyüşlərə atılaraq xalqının gələcəyi, ölkəsinin ərazi bütövlüyü naminə vuruşub. Ağır döyüşlərin birində isə
düşmən gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalan, milyonların qəlbində əsl qəhrəmana çevrilən Şahin
Bayram oğlu Qurbanov 1970-ci il sentyabr ayının 7-də Qərbi Azərbaycanın Göyçə mahalında-Basarkeçər
rayonunun Əzizli kəndində (indiki Ermənistan) anadan olub. İlk təhsilini kənd orta məktəbində alan Şahin,
1987-ci ildə sənədlərini Gəncə şəhərindəki 9 saylı texniki peşə məktəbinə verib. O, imtahanlardan uğurla
keçərək, bu təhsil müəssisəsinin tələbəsi adını qazanıb. Şahin bacarıqlı və nümunəvi tələbə olduğundan
sadəcə yoldaşlarının deyil, müəllimlərinin də dərin hörmətini qazanıb. Məhz buna görə təhsil aldığı vaxtlarda
pedaqoji şuranın qərarı ilə Sovet Sosialist Respublikaları İttifaqının mərkəzi sayılan Moskva şəhərinə ixtisas
artırma kursuna ezam olunub. Kursda olduğu müddətdə təhsil aldığı məktəbi, ölkəsini və xalqını ləyaqətlə
təmsil edib, ona göstərilən etimadı layiqincə doğruldub. 1988-ci ildə peşə məktəbini bitirib və çilingər
ixtisasına yiyələnib. Elə həmin il 18 yaşı tamam olduğundan hərbi xidmətə çağırılıb. Həmin vaxt sovetlər
birliyinə təsadüf etdiyindən o, indiki Rusiya Federasiyasının Çita vilayətində əsgəri xidmət keçməli olub.
Hərbi xidmət illərində çevikliyinə, hərbi texnika və silah-susatla davranma qabiliyyətinə görə, dəfələrlə
komandanlığın təşəkkürünə, hərbi hissənin diplomuna layiq görülüb. Vətən borcunu şərəflə yerinə yetirən Şahin iki ildən
sonra hərbi xidmətdən azad olunub.
1990-cı ildə doğulub boya-başa çatdığı Əzizli kəndinə qayıtmaq istəsə də onun bu arzusu ürəyində qalıb. Beləki Şahin
əsgərliyə getdiyi il xaricdə yaşayan erməni ideoloqlarının təsiri altında olan Ermənistan hökuməti ölkə ərazisində yaşayan azərbaycanlıların deportasiyasına başlayıb. Dənizdən-dənizdə “böyük Ermənistan” adlı sərsəm xülyanı gerçəkləşdirməyə
çalışan ermənilər silah gücünə bütün azərbaycanlıları Ermənistandan çıxarıblar.
Doğma el-obasından didərgin düşən azərbaycanlılar Azərbaycan Respublikasının müxtəlif bölgələrinə köçmək
məcburiyyətində qalıblar. Şahinin ailə üzvləri də deportasiyaya məruz qalanlar arasında olub. Onlar Əzizli kəndindən
köçərək Göranboy rayonunun Qaradağlı kəndində məskunlaşıblar.

1990-cı ildə Qaradağlı kəndinə qayıdan Şahin təhsil aldığı ixtisas üzrə əmək fəaliyyətinə başlayıb. Lakin Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərinə soxulması, torpaqlarımızın erməni daşnakları tərəfindən işğal olunması, günahsız
insanların qətlə yetirilməsi bir çox vətəndaşlarımız kimi onun da dincliyini əlindən alıb. Kiçik qardaşı Şəmilin hərbi
xidmətdə olmasına baxmayaraq, Şahin 1991-ci ildə könüllü şəkildə Milli Orduya qoşulub. Silaha sarılaraq Vətənimizin
müdafiəsinə qalxıb. Gənc olsa da əsl peşəkar kimi çoxsaylı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü isə Ağdərə rayonunun
Meçşen kəndinə erməni basqının qarşısı alınan zaman olub. Komandanlıq tərəfindən verilən əmrə əsasən televiziya
qülləsinin yaxınlığında döyüş mövqeyi seçən Şahin Vətən torpağının bir qarışını belə düşmənə güzəştə getməmək üçün son
damla qanına kimi vuruşub.

Hərbi qüvvələrin qeyri-bərabər olduğu döyüşdə düşmən tərəfi üstünlüyü ələ alaraq qabağa irəliləyib. Bu vaxt döyüşçü
yoldaşının yaralandığını görən Şahin onu xilas eləmək üçün irəliyə atılıb. Lakin səngər yoldaşını xilas eləmək Şahinə nəsib
olmayıb. Onun özü də düşmən gülləsinə tuş gələrək ağır yaralanıb. Mühasirəyə düşmək və şəxsi heyətin digər üzvlərini də
 itirmək təhlükəsi yarandığından komandanlıq sağ qalan əsgərlərə geri çəkilmək barədə əmr verib. Mövqeyləri tək edən
əsgərlər yaralı Şahini və artıq həyatda olmayan digər səngər yoldaşının cəsədini düşmən əhatəsindən götürə bilməyiblər.
Bundan sonra Şahindən heç bir xəbər almaq mümkün olmayıb. 1999-cu ildə isə Goranboy Rayon Məhkəməsinin qətnaməsi
əsasında ölüm təhlükəsi altında itkin düşən hərbiçi kimi ona şəhid statusu verilib.

Sentyabrın 7-də anadan olmasının 41 ili tamam olacaq Şahin Qurbanov Vətən torpaqlarını şərəflə qoruyarkən itkin düşüb.
Sonrakı illərdə Şahindən səs-soraq olmadığından, ona şəhid statusu verilib. Amma onun ailə üzvləri, xüsusən də atası
Bayram kişi və anası Zərənuş xala bu gün də oğlundan ümidlərini üzməyiblər. Hər an qulaqları səsdədir. Elə Şahinin
qardaşı qızı balaca Şəbnəm də qəhrəmanlığından fərəhlə danışdığı əmisinin nə vaxtsa qayıdacağına, onu qucağına alıb
əzizləyəcəyinə inanır.

Rufik İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım