Modern.az

Mübariz Əhmədoğlu: “Mixail Saakaşvili ermənipərəst siyasət yürüdür”

Mübariz Əhmədoğlu: “Mixail Saakaşvili ermənipərəst siyasət yürüdür”

Təhsil

6 Sentyabr 2011, 14:34

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) avqust ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hasebatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə Suriya ətrafında cərəyan edən hadisələrdən danışıb.

Ekspert bildirib ki, Liviyanın keçmiş rəhbəri M.Qəzzafi qaçdıqdan sonra Suriya ərəb dünyasında baş verən hadisələrin episentrinə çevrilib. Onun sşzlərinə görə, Suriya problemi həll olunduqdan sonra növbə İrana çatacaq: “ABŞ Suriyanın prezidenti B.Əsədə fərqli münasibət göstərə bilərdi. ABŞ Dövlət Katibi H.Klintonun və prezident B.Obamanın Suriya hadisələrinə münasibətdə verdiyi bəyanatlar belə variantın mövcud olduğundan xəbər verir. ABŞ B.Əsədi məhv etmək əvəzinə İrandan uzaqlaşdırıb özünə tərəf çəkə bilərdi. Bu, ərəb xaosu fonunda ABŞ-ın ərəb liderlərinə yeni mahiyyətli mesajı ola bilərdi”.

Politoloq deyib ki, Suriya hadisələrində tutduğu mövqe Türkiyəni İran və Suriya tərəfindən ciddi təzyiq obyektinə çevirmişdir. M.Əhmədoğlu hesab edir ki, Türkiyənin ərazisindəki PKK-nın aktivləşməsi bununla bağlı ola bilər: “Türkiyənin dağılması ilə bağlı fikirlər süni sürətdə yayılır. Suriya və İran Türkiyəyə nisbətən daha tez dağıla bilər. Türkiyənin Suriya və İrana qarşı əlində ən azı iki müstəsna imkanı var: birincisi, rəsmi Ankara kürd siyasətçiləri ilə anlaşıb Suriya və ya İranın ərazisində kürd dövləti yaradılması ideyasını gündəliyə gətirib reallaşdıra bilər; ikincisi, Türkiyə İrana qarşı Azərbaycan faktorundan istifadə edə bilər. Azərbaycan və Türkiyə rəhbərliyinin İrandakı azərbaycanlılara dəstək verməməsi ucbatından İranda belə hərəkat qalxmır. İran isə bundan sui-istifadə edərək Türkiyəyə, eləcə də Azərbaycana qarşı düşmənçilik edir”.

SİTM sədri iddia edib ki, İranın nüvə texnologiyaları ilə bağlı məsələ həll edilməyəcək və ya həll edilə bilməz; Rusiyanın atdığı addımlar da nəticəsiz qalacaq. RF də daxil olmaqla, beynəlxalq ictimaiyyət İranın idarəçilik prinsiplərini bilmir. Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşevin və ya hər-hansı rusiyalı və ya avropalı nazirin öz ölkələrindəki səlahiyyəti İran prezidentinin İrandakı səlahiyyətindən daha çoxdur: “Əhmədinecatın aktiv görünməsinin əsas səbəbi onun ritorikasıdır. İranda hər şeyin sahibi, eləcə də qərar vermək səlahiyyətlisi yalnız dini lider-S.Ə.Xameneyidir. S.Ə.Xameneyinin səlahiyyətini keçmiş Sovet İttifaqı Kommunist Partiyası Baş Katibinin səlahiyyətləri ilə müqayisə etmək olar. Beynəlxalq ictimaiyyət İranın nüvə texnologiyaları ilə bağlı nəticə əldə etmək istəyirlərsə, hökmən danışıqları Ali dini lider S.Ə.Xameneyi ilə aparmalıdırlar. Roma Papası XVI Benediktin, Rus Pravoslav Kilsəsinin başçısı Kirilin imkanlarından istifadə ehtimalları araşdırılmalıdır. Bu prizmadan Azərbaycanla bağlı bir neçə variant hazırlamaq olar”.

SİTM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də təhlil edib. Bildirib ki, Ermənilərin bəzi etirafları DQ münaqişəsinin tənzimlənməsi prizmasından ermənilərin ictimai şüuruna təsir edə bilər: birincisi, ER Müdafiə naziri S.Ohanyan Azərbaycan ordusunun şəxsi heyət və hərbi texnika ilə silahlanma baxımından güclü olduğunu etiraf etdi; ikincisi, erməni hərbi psixoloqları Azərbaycan tərəfini DQ-də özünə loyal adamlar qrupu, onun tərkibində yaşamağa etiraz etməyən ermənilər qrupu yetişdirməklə məşğul olduğunu etiraf etdi; üçüncüsü, “Daşnak” partiyası Ermənistan və DQ əhalisinin əraziləri Azərbaycana qaytarmağa hazırlandığını etiraf etdi.

Sonda M.Əhmədoğlu Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunub. Deyib ki, Gürcüstan prezidenti M.Saakaşvilinin qonşularına münasibəti antiazərbaycan, ermənipərəst olaraq qalmaqdadır: “Erməni kilsəsinə müsbət münasibət, Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstandan keçən hissəsinin əvvəlki razılaşmaları danaraq Azərbaycana satmaması bunun mühüm dəlilidir. İndi bədnam məşhur “Vikiliks” (Wikileaks) saytının yaydığı məlumatların təhlilindən başa düşmək olar ki, M.Saakaşvili  II Qareginin B.Obamaya etdiyi şikayəti icra etməklə B.Obama ilə görüş əldə etmək istəyir. Batumidə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə ümumgürcüstan azərbaycanlılarının vahid qurumunun yaradılması ilə bağlı edilmiş müraciətin cavabsız qalmaq ehtimalı daha çoxdur. Ən azı, bu günədək rəsmi Tbilisi bu ideyaya heç bir reaksiya verməmişdir. Belə görünür ki, M.Saakaşvili hətta Gürcüstanın ərazi bütövlüyü məsələsində də ermənilərin xəyanətini bağışlamaq niyyətindədir. M.Saakaşvilinin ermənipərəstliyi gürcü ictimaiyyətində etiraz yaradıb. M.Saakaşvili hakimiyyətə gələrkən onun ABŞ-dakı erməni diasporu ilə əlaqələri və atasının Qarabağ mənşəli erməni olması ilə bağlı məlumatlar mətbuatda yayılmışdı. M.Saakaşvili ABŞ-dakı erməni diasporunun regionda ən güclü təmsilçisidir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım