“Azərbaycanda turizm işini çox yüksək səviyyədə qura bilmək üçün xidmət, servis mədəniyyətini yaratmaq lazımdır. Ola bilər ki, sənin çox gözəl mehmanxanan olsun, çox gözəl restoranların olsun, amma o xidməti sən yüksək səviyyədə qura bilməyəsən”.
Modern.az-ın məlumatına görə bu sözləri hakim partiyanın saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Hadı Rəcəblinin sözlərinə görə, ölkədə turizmlə əlaqədar güclü infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür.
Komitə sədri işçilərin kurortlara, sanatoriyalara göndərilməsi ilə bağlı bu günki vəziyyətə də toxunub. Onun sözlərinə görə, son illər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bu sahədə ardıcıl iş aparır. Hadi Rəcəbli hesab edir ki, bu məsələdə AHİK-ə güclü dəstək verilməlidir.
“Açığını deyim ki, AHİK-in rəhbəri Səttar Mehbalıyevin şəxsi təşəbbüsləri nəticəsində bu istiqamətdə uğurlu addımlar atılır. Amma hələ də sosial fondlardan həmkarlar üçün ayrılan və ödənilən vəsait çox azdır. Təhlillər göstərir ki, bu gün Azərbaycanda sovetlər dönəmində verilən putyovkoların heç 15 faizi verilmir”.
Millət vəkilinin fikrincə, özəl şirkətlər, sahibkarlar bu prosesdə fəal iştirak etməlidirlər.
“Məsələn, müəssisə rəhbəri işçi ilə əmək müqaviləsi bağlayanda işçinin turist səfərlərinin təşkil olunması öz əksini tapmalıdır. Dünyada belə təcrübə var ki, işəgötürən öz işçilərini istirahət günlərində səyahətə, gözəl yerlərə aparır. Azərbaycanda da bu praktika var, amma kütləvi deyil. Dünyada həftəsonu (uikend) istirahəti və turizmi çox geniş vüsət alıb. Məsələn, Yaponiya ən qısa istirahət günləri olan ölkədir. Orada insanlar bir dəfəyə 36 gün istirahət etmirlər. Yaponlarda təxminən bir həftəlik istirahət götürürlər və ilboyu bu imkandan bir neçə dəfə yararlanırlar. Fikrimcə, ölkəmizdə də dünyanın bu cür təcrübəsindən geniş və səmərəli istifadə etmək mümkündür” deyə Hadi Rəcəbli əlavə edib.
Modern.az