Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulun Qazi Osmanpaşa Bələdiyyəsinin rəhbərliyi ilə görüşüb.
“Dost və qardaş ölkə Azərbaycanın palament üzvünü öz şəhərimizdə və bələdiyyəmizdə salamlamaqdan çox məmnunuq”, - deyən bələdiyyə rəsmiləri fəaliyyətləri, gələcək planları, o cümlədən Azərbaycan bələdiyyələri ilə yaxın işbirliyində olmaq istəkləri barədə millət vəkilinə bilgi veriblər.
Qənirə Paşayeva Qazi Osmanpaşa Bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, Məclisdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə Qazi Osmanpaşanın “qardaşlaşmış bələdiyyə” olması üçün çalışacağını vəd etmişdir.
Sonra bələdiyyənin düzənlədiyi izdihamlı bayram şölənində iştirak edən xanım Paşayeva burada çıxış edərək, minlərlə insanın qatıldığı tədbirdə iştirak və çıxış etməkdən sonsuz qürur duyduğunu bildirib.
Millət vəkili öz çıxışında müstəqilliklərinin 20 illiyini qeyd edən türksoylu ölkələrlə işbirliyinin bu günü və sabahı, Azərbaycanın tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib.
“Azərbaycan bayrağını sizinlə birgə Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda yenidən qaldıracağıq ”, - deyən xanım Paşayevanın çıxışı alqışlarla qarşılanıb.
Azərbaycan parlamentinin üzvü öz çıxışında Azərbaycanın Daglıq Qarabağ bölgəsində və Türkiyənin Güney Doğu bölgəsində xalqlarımızın məruz qaldığı separatizm bəlaları və terror aktlarının acı nəticələrindən söz açaraq, hansı işdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinin haqq işinə dəstək verməsinin, dərdinə şərik olmasının gərəkliliyini vurğulayıb. Millət vəkilinin çıxışı Türkiyənin bir sıra KİV-lərində işıqlandırılıb.
Modern.az